Deputatlar Bolqarıstan Prezidenti və Xalq Məclisinin spikeri ilə görüşüblər

Bolqarıstanda səfərdə olan Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov iyunun 20-də “Yaşıl Enerjiyə keçid” adlı 3-cü Forumun işində iştirak ediblər.

Metbuat.az xəbər verir ki, Milli Məclisin deputatları Forumda iştirak edən Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüblər.

Görüşdə azərbaycanlı millət vəkilləri bütün digər sahələrdə olduğu kimi iki ölkənin parlamentləri arasında da sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıblar. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığı vurğulanıb.

Səfər çərçivəsində Ramin Məmmədov Serbiya Respublikasının 3-cü Prezidenti (2004-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü Boris Tadiçlə görüşüb. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Qlobal Bakı Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu vacib bir platformaya çevrildiyi qeyd edilib.

Səfər çərçivəsində deputatlar Bolqarıstandakı Azərbaycan diasporunun fəalları ilə də görüşüblər.

İyunun 21-də millət vəkilləri Bolqarıstan Xalq Məclisinin spikeri Rosen Jelyazkov ilə görüşüblər. Rosen Jelyazkov parlamentlər arasındakı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Milli Məclis rəhbərliyinin Bolqarıstana dəvət olunduğunu, tezliklə bu səfərin həyata keçirilməsinin arzuladığını diqqətə çatdırıb. Azərbaycanlı deputatlar Cənubi Qafqazdakı reallıqlar, Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüsləri barədə məlumat veriblər.

Milli Məclisin deputatları Bolqarıstan Xalq Məclisində Azərbaycanla Dostluq Qrupunun sədri Həmid Həmid və qrupun üzvləri ilə də görüşüblər. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun iştirakı ilə baş tutan görüşdə parlamentlərarası əlaqələrin tarixi, müasir dövrü və perspektivləri haqqında müzakirə aparılıb. Deputatlar Cənubi Qafqazdakı proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat veriblər.

Qeyd edək ki, Milli Məclisin deputatlarının səfəri Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı