Laurentsiu Regekampfla yollarını ayıran “Neftçi” baş məşqçi axtarışlarını davam etdirir.
Sergen Yalçınla danışıqları uğursuz nəticələnən Premyer Liqa klubunun adı indi də digər türkiyəli məşqçi Hikmet Karamanla birgə hallanır.
Metbuat.az xəbər verir ki, Report-un suallarını cavablandıran 63 yaşlı mütəxəssis məlumatı təsdiqləyib. Hikmet Karaman “Neftçi” ilə ilkin danışıqların olduğunu etiraf edib.
- Adınız “Neftçi”nin baş məşqçisi postuna namizədlər arasında göstərilib. Həqiqətən də, belə bir variant var?
- Bəli, “Neftçi”dən təklif almışam. Dünən ilkin danışığımız oldu. Mən də razılıq verdim. Ancaq detallı şəkildə danışmaq üçün hələ tezdir. Çünki danışığımız yeni baş tutub.
- “Neftçi”dən konkret olaraq kim sizinlə əlaqə saxlayıb?
- Adını deməyim doğru olmaz. Amma mənə klubdan bir nəfər zəng vurdu, fikrimi soruşdu. Hətta bir neçə sənəd göndərdilər, qol çəkib, geri yolladım.
- Yəni sizi Bakı klubunun növbəti baş məşqçisi hesab etmək olar?
- Bunun üçün hələ tələsməyək. Çünki bu gün klubda iclas olacaq, məsələ müzakirə ediləcək. Ondan sonra fikirlərini bildirəcəklər. Yəqin ki, axşam saatlarında məsələ konkretləşər.
- Ümumiyyətlə, Azərbaycan futbolu barədə məlumatınız varmı?
- Əlbəttə ki, var. Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununu (1:4) tribunadan izləyən yeganə türkiyəli məşqçi idim. Həmin vaxt azərbaycanlı nümayəndələrlə görüşüb söhbətləşmişdik. İstər Azərbaycan millisindən, istərsə də Premyer Liqasından məlumatlıyam. Məsələn, “Qarabağ” uzun müddətdir Qurban Qurbanovun rəhbərliyi altında uğurlu çıxış edir. Bunu “Neftçi” də bacarar.
- “Neftçi”yə gəlsəniz, “Qarabağ”la rəqabət aparmaq çətin olmayacaq?
- “Neftçi” Azərbaycanın ən köklü, titullu klublarından biridir. Təbii ki, orada işləmək istəyərəm. Həm də Azərbaycan bizə qardaş ölkədir, bir çox sahələrdə inkişaf edib, dünyada adından söz etdirib. Bunu futbolda da həyata keçirmək üçün güclü məşqçilərə ehtiyac var. Əgər “Neftçi”yə gəlişim reallaşarsa, yerli gənc futbolçuların inkişafı üçün əlimdən gələni edəcəyəm. Ölkə futbolunu daha da yuxarılara daşımaqdan ötrü bu, vacib amildir. Mən də Azərbaycan futboluna hər cür köməkliyi etməyə çalışaram.