Fransada polis zorakılığının tarixi: 1986-cı ildən 2023-ə nə dəyişdi?

Bir neçə gün əvvəl Fransa polisinin açdığı atəş nəticəsində 17 yaşlı Əlcəzair əsilli gənc Nahel Merzukun həyatını itirməsi Fransanın böyük şəhərlərində kütləvi iğtişaşlara səbəb oldu.

Fransa polisinin bu zorakılığı ilk belə hal deyil. Fransa tarixində belə cinayət nümunələri kifayət qədərdir və təssüf ki, davamlıdır. Bənzər hadisələrdən bir neçəsini misal göstərmək olar.

Malik Oussenike cinayəti.

Hadisə 1986-cı ildə Parisdəki tələbə yataqxanalarından birində baş verib. Yataqxanaya basqın edən polis məmurlarının ifrat zorakılığı nəticəsində Əlcəzair əsilli tələbə Malik Oussenike həyatını itirdi. Onun polis məmurları tərəfindən döyülərək öldürülməsi Fransa miqyasında iğtişaşlara yol açdı. Zyed Benna və Bouna Traore cinayəti. 2005-ci ildə Tunis əsilli 15 yaşlı Zyed Benna və Fildişi Sahili əsilli 17 yaşlı Bouna Traore futbol matçından evə qayıdan zaman polis onları təqib etdi. Polis tərəfindən izləndiklərini anlayan yeniyetmələr yaxınlıqdakı elektrik yarımstansiyasına sığındılar. Lakin polis əməkdaşları yarımstansiyanı mühasirəyə aldı Zyed Benna və Bouna Traore transformatorun üzərindəki yüksək gərginlikli xətlərin alışması nəticəsində çarəsiz vəziyyətdə həlak oldular. Faciəyə səbəb olan polis əməkdaşları isə Fransa məhkəməsinin qərarı ilə bəraət aldılar.

Adama Traore cinayəti.

2016-cı ildə fransız polisi Mali əsilli Adama Traorenin Beaumont-sur-Oise şəhərindəki evinə basqın etdi. Polis məmurlarının fiziki zorakılığı nəticəsində Adama Traore aldığı xəsarətlərdən və nəfəs darlığından yerindəcə keçindi.

Theo Luhaka cinayəti.

2017-ci ildə Konqo əsilli Theo Luhaka fransız polisi tərəfindən saxlanılan zaman fiziki və cinsi zorakılığa məruz qaldı. Belə ki, polis əməkdaşlarından birinin dəyənəyi Theo Luhakanın anal sfinkterini on santimetrə qədər cırdı. Qurbanda gündəlik qulluq tələb edən daimi əlillik meydana gəldi. Hadisə güclü etiraz çıxışlarına səbəb olsa da polis güc tətbiq etməklə nümayişlərin qarşısını aldı.

Steve Maia Caniço cinayəti.

2019-cu ildə Fransanın Nant şəhərində keçirilən musiqi festivallarından birinə polis gözyaşardıcı qazla müdaxilə edib. Bu müdaxilə zamanı çoxlu sayda insan çay kənarındakı platformaya qaçdı. Lakin platformanın çökməsi nəticəsində onlarla insan çaya düşdü. Onlardan biri də Steve Maia Caniço idi. Hadisə nəticəsində Portuqaliya əsilli Steve Maia Caniço boğularaq həlak oldu. Onun cansız bədəni 35 gün sonra çayın sahilindəki ərazidə tapıldı. Hadisədən sonra bütün Fransada genişmiqyaslı etirazlar başladı. Bu insident polis vəhşiliyi və ifrat güc tətbiqi ilə bağlı müzakirələrə səbəb oldu.
Fransada belə hallara Emanuel Makronun prezidentliyi dövründə daha çox rast gəlinib. Görünən odur ki, Makron hökuməti həqiqətən də qeyri-fransızlara ikinci və üçüncü kasta kimi yanaşır. Əhalisinin 22%-ni milli azlıqların təşkil etdiyi dövlətin polisi irqçi davranış sərgiləməyə davam edərsə bu hal anarxiyaya, anarxiya da öz növbəsində dövlət avtoritetinin sarsılmasına səbəb olar. Əgər bir dövlət öz şəhərlərinə asayişi təmin edə bilmirsə, bununla belə neokolonist siyasətini davam etdirirsə, üstəlik başqa dövlətlərin daxili işlərinə qarışırsa heç şübhəsiz həmin dövlət uçurumun kənarındadır. Uçurumun kənarından dönmək üçün isə fərqli yollar və şəxslər sınanmalıdır. Böyük ehtimalla Fransada keçiriləcək növbəti prezident seçkilərinin qəlibi fərqli şəxs olacaq. Lakin problem fərqli şəxsin seçilməsi ilə deyil, fərqli yolların tətbiqi ilə həll olunur. Növbəti seçkilərdə isə fransızlar yalnız fərqli şəxsi deyil, həm də fərqli yolu seçəni seçməlidirlər.


Kənan Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı