Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

İyulun 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayeli qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

QMİ sədri səfiri yeni təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona qarşıdakı fəaliyyətində uğurlar diləyib.

A.Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Şeyxülislam A. Paşazadə 20 ildən artıq tarixə malik Dünya və ənənəvi din liderlərinin Katibliyinin üzvü olduğunu, Qazaxıstanın evsahibliyi etdiyi bu qlobal tədbirin dünya çapında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində vacib rolunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin dövründən əsası qoyulan və bu gün Azərbaycan və Qazaxıstanın dövlət rəhbərləri — Zati-aliləri cənab İlham Əliyevin və Zati-aliləri cənab Kasım-Jomart Tokayevin birgə səyləri ilə davam və inkişaf etdirilən münasibətlərin xalqlarımız, dövlətlərimizin ümumi tərəqqisinə, müştərək mənafelərimizə xidmət etdiyini məmnunluqla vurğulayan Şeyxülislam A.Paşazadə bunu qiymətli dəyər kimi səciyyələndirdi. Şeyxülislam A.Paşazadə Qazaxıstan paytaxtına hər bir səfərinin, keçirdiyi görüşlərinin qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində olduqca əhəmiyyətli olduğunu qeyd etdi. Astana şəhərində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin sessiyalarının önəmini, sessiya çərçivəsində dünyanın tanınmış dini və ictimai xadimləri ilə görüşlərinin dünyada artan dindən hər hansı məqsədlər üçün sui-istifadə hallarının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu qeyd edən Şeyxülislam A. Paşazadə növbəti sessiyada iştirak üçün dəvət aldığını bildirib.

Görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoqun perspektivləri ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A. Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışdı. Şeyxülislam A.Paşazadə Bakının ənənəvi olaraq Dünya dini liderlərinin Sammitlərinə evsahibliyini xatırlatdı. QMİ sədri müasir dövrdə türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni sahədə getdikcə daha da dərinləşən qarşılıqlı münasibətlər fonunda müstəqil türk dövlətlərin dini liderlərinin koordinasiyalı əməkdaşlığının vacibliyini vurğuladı və bu kontekstdə TDT müsəlman dini idarə rəhbərlərinin ötən il Azərbaycanda keçirilən təsis toplantısının və Şuşada Bəyannaməsinin qəbulunun önəmindən danışdı.

Görüş üçün təşəkkür edən Qazaxıstan səfiri A.Bayel, qardaş Azərbaycanda öz ölkəsini təmsil etməkdən məmnun olduğunu bildirib. Ümidvar olduğunu bildirib ki, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın Qarabağ bölgəsi sülh və tərəqqi regionu olacaqdır. Səfir, öz növbəsində, vurğulayıb ki, beynəlxalq təhlükəsizliyin zəifləməsi, mənəvi sahədə problemlərin artması, ideoloji təxribat, nifrət çağırışları fonunda dünya ictimaiyyətinin birləşməsində dini liderlərin rolunun artdığı dövrdə Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı vardır. Səfir belə bir mötəbər, dünya miqyaslı fəaliyyətə malik dini liderin Dünya və ənənəvi din liderlərinin Qurultaylarında iştirakını, qiymətli ideyalarla çıxış etməsini yüksək dəyərləndirdi. Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam A. Paşazadənin Astana Qurultaylarının 2023-2033-cü illər üçün inkişaf Konsepsiyasına dair rəy və təkliflərinə görə minnətdarlığını bildirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı