Bu gün “20 Yanvar” və Qarabağ qazisi Ələkbər Talıbovun doğum günüdür.
Metbuat.az onun haqqında olan maraqlı məqamları təqdim edir:
Ələkbər Talıbov 1953-cü il avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası-Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat Firqəsinin üzvü olub,sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib.Ələkbər Talıbov 1970-ci ildə Bankə qəsəbə 1 saylı orta məktəbini bitirib.1971-1973-cü illərdə Kamçatkada hərbi dəniz donanmasında xidmət edib. Hərbi xidmətdən sonra Bakı Balıqçılıq Texnikumunun gəmi sürücülüyü şöbəsini bitirib. Bankə Balıq Kombinatının Vostok gəmisində matros,kapitan köməkçisi, 1988-ci ildən kapitan vəzifəsində çalışıb. Milli Azadlıq Hərəkatı dönəmində gəmisinə “Azadlıq” adı verib, orada dövlət bayrağı kimi üçrəngli bayrağımızı dalğalandırıb. 2012-ci ildə Xəzər Dənizçilik Akademiyası nəzdində kurs bitirib, kapitan diplomu və serfikatı alıb. 2012-ci ildən 2020-ci ilin yanvarınadək Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Xilasetmə Xidməti İşləri İdarəsində gəmi kapitanı vəzifəsində çalışmışdır.
1988-ci ildə Azərbaycanda baş verən hadisələrdə Ələkbər Milli Azadlıq Hərəkatına qoşulmuş və Neftçalada Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri olmuşdur. 1990-cı ildə işğalçı rus-erməni ordusunun Bakıya təcavüzünü qəzəblə qarşılayan gənc rayonda etiraz nümayişlərinin fəal iştirakçılarından birinə çevrilmişdir. Yanvarın 25-də Neftçalada qanlı qırğın törədən işğalçı ordunun soldatları tərəfindən Ələkbər yaralanmış və xalq cəbhəsinin fəalı kimi həbs olunub Şüvəlan təcridxanasına aparılmışdır. Azad olunan Ələkbər Talıbov sonralar respublika Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif edilmişdir. 1992-ci ildə Bankə Balıq Kombinatı direktorunun müavini işləmiş, sonrakı illərdə yenidən balıqçı gəmisinin kapitanı kimi öz fəaliyyətini davam etdirmişdir.
1999-cu il dekabrın 12-də bələdiyyələrə keçirilən seçkilərdə yüksək səs toplayıb Bankə bələdiyyəsinin üzvü seçilmişdir.
20 Yanvar qazisi, Prezident təqaüdçüsü Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də vəfat edib.