Qurban Qurbanov "Olimpiya" ilə oyundan DANIŞDI

“Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçiriləcək ilk oyun üçün Sloveniyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis həlledici mərhələdə olduqlarını söyləyib:

“Düzgün köklənmək üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Onlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Azarkeşlər üçün maraqlı mübarizə olacaq”.

Baş məşqçi sıx qrafikdə çıxış etdikləri üçün yorğunluq olduğunu gizlətməyib:

“Matça hazırlıq zamanı komandada yorğunluğun azalmasına çalışdıq. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.

Qurban Qurbanov yalnız iki oyunçunun zədədən əziyyət çəkdiyini söyləyib:

“Bədavi Hüseynov və Marko Veşoviçdən başqa, digərlərində hər şey qaydasındadır”.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR