Azərbaycan ilk dəfə cüdo üzrə Dünya çempionatında birinci oldu

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli yığma komandası 23-26 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Dünya çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanıb.

Metbuat.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliya kimi ölkələri geridə qoyaraq 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.

Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.

Çempionatın ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etdilər. Oğlanlar arasında -50 kq. çəki dərəcəsində cüdoçularımız Nihad Məmişov qızıl medal, Məhəmməd Məmişov gümüş medal qazanıb. -55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov çempionatın bürünc medalına sahib olub.

Yarışın ikinci günü qızlar arasında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov komandamızın aktivinə gümüş medallar yazdırıblar.

Yarışın üçüncü günündə -73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Süleyman Şükürov yarışın bürünc medalına sahib olub.

Fərdi yarışların sonuncu günündə isə +90 kq. çəki dərəcəsində Ramazan Əhmədov çempionatın bürünc medalını qazanıb.

Bununla da, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarının hər günü medal əldə ediblər.

Qeyd edək ki, Dünya çempionatı ilə yanaşı yeniyetmə cüdoçularımız cari ildə keçirilən Avropa çempionatında və Avropa Gənclər Olimpiya Festivalında medal əyarına görə ümumi hesabda ilk sırada qərarlaşıblar. Bu nəticələr yeniyetmələrdən ibarət yığma komandamızın yüksək hazırlıq səviyyəsinin olmasının göstəricisidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı