Rusiyadan üç Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya edildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.

Metbuat.az xəbər verir ki, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarış elan olunub.

Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.

Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı