"Antiterror əməliyyatına başlamaq üçün yetərincə əsas var" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan başqa 19 senyabr 2023-cü il tarixində 1 ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub. Elə həmin tarixdə əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

Vəziyyəti Metbuat.az-a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Azərbaycan öz ərazisində hələ də mövcud olan "boz zona"nın ən qısa zamanda ləğv etmək məcburiyyətindədir. Bu "boz zona"nın erməni separatçı-terrorçuların nəzarəti altında olduğunu bildirən analitik hesab edir ki, hər hansı ölkənin daxilində belə terror bölgəsinin olması milli təhlükəsizlik maraqlarına ciddi təhdid rolunu oynayır:


“Azərbaycan da belə təhdid ilə üz-üzə qalıb. Və ən qısa müddətdə bu terror bölgəsinin tam nəzarət altına alınması Azərbaycanın milli təhlükəsizlik maraqlarının tələbidir. Əks halda, belə vəziyyət onilliklər boyu davam edə bilər. Məsələ ondadır ki, rus sülhməramlılar erməni silahlı terror dəstələrini tərksilah etməyə həvəs göstərmirlər, əksinə, bu cinayətkarlara hər cür dəstəyi verirlər. Bununla da, rus sülhməramlılar əslində, erməni terrorçuların himayədarı rolunda çıxış edirlər. Bu isə faktiki olaraq, üçtərəfli anlaşmaların qüvvədən salınması anlamı daşıyır”.

Təxribatı planlaşdıran Qarabağdakı son tör-töküntülərə qarşı Azərbaycan tərəfinin hansı addımlar atacağı sualına cavab olaraq Elçin Xalidbəyli vurğuladı ki, rəsmi Bakı Azərbaycan ərazisində erməni terrorizmi ilə daha radikal mübarizə metodlarına əl atmaq hüququna sahibdir:

“Erməni terrorçuların törətdiyi ardıcıl təxribatlar Azərbaycan Ordusunun antiterror əməliyyatları üçün legitim səbəblər yaradır. Yəni, hazırda Azərbaycan ordusunun başladacağı antiterror əməliyyatının bütün hədəfləri beynəlxalq hüquq normalarına görə legitimdir. Bütün bunları nəzərə aldıqda, erməni terrorçuların son davranışları, onların törətdiyi təxribatlar, hərbi cinayətlər Qarabağ regionunda antiterror əməliyyatını qaçılmaz edir.

Rəsmi Bakı erməni terrorçuların hərbi cinayətləri barədə beynəlxalq ictimaiyyəti artıq intensiv şəkildə məlumatlandırıb. Yəni, dünyanın ermənipərəst siyasi dairələrinin Azərbaycanın antiterror əməliyyatına etiraz etmək şansı yoxdur. Və böyük ehtimalla rəsmi Bakı Azərbaycan ərazisində erməni terrorizmini birdəfəlik ləğv etmək üçün qətiyyətli addımlar atmalı olacaq”.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Politoloq Zaur Məmmədov qeyd edib ki, beynəlxalq təşkilatlar və dialoqda yer alan aktorlar susmamalıdırlar:

“Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir. Qarabağdan erməni hərbi birləşmələri rədd olmalıdırlar. Belə olan təqdirdə onlara amnistiya tətbiq ediləcək. Əks halda, bütün məsuliyyət İrəvanın və Xankəndidəki separatçıların üzərinə düşəcək. Azərbaycan Ordusuna hərbi əməliyyatlar keçirməyə yetərli qədər əsas var. Dünya birliyi terrora qarşı mübarizə aparmalıdır”.

Politoloq Məhəmməd Əsədullazadə açıqlamasında bildirib ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət ərazisində silahlı erməni birləşmələrinin diversiya- kəşfiyyat qrupu yeni inşa olunmuş Füzuli-Şuşa yolunda tunelə mina basdırması terror aktıdır:


“Qarabağda terrorçular əməllərinin bədəlini ağır ödəyəcək. Nə qədər ki, qanunsuz silahlı terrorçu dəstələr Qarabağda var bu kimi terror halları davam edəcək. Azərbaycan Qarabağda qanunsuz silahlı dəstələri terrorçu qrup elan etməli və onlara qarşı anti-terror əməliyyatlarına başlamalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı