Xırdalanda kişinin arvadını qətlə yetirməsi, sonra özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 2-də saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun birgə yaşadıqları mənzildə arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovaya ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.