Bakı, 4 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan qadınların sayı ilbəil artır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Microsoft Azerbaijan” şirkətinin və Yüksək Texnologiyalar Parkının birgə
təşkilatçılığı ilə iyunun 4-də qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransında məlumat verilib.
Ölkəmizdə qadınların İKT sahəsində rolundan danışan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycanda qadınlar İKT sahəsinə böyük maraq göstərir və onlara lazımi dəstək verilir.
“Microsoft Azerbaijan” şirkətini baş direktoru Rüfət Hacıəlibəyov bildirib ki, ki, “Microsoft” Korporasiyası qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir.“DigiGirlz” konfransının da əsas məqsədi məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir.
Tədbirdə “Microsoft Azerbaijan” şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, “Azərbaycanın 100 biznes-qadını” təşkilatının sədri Tatyana Mikayılova, “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, “Femmes Digitales” klubunun rəhbəri Yana Krimpe və digər çıxış edənlər gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran “Microsoft” Korporasiyasının "DigiGirlz" proqramının əhəmiyyətini vurğulayıblar.