​Veysəloğlu Şirkətlər Qrupu Zəfər Günü ilə bağlı “Biz Qayıtdıq” qısa filmini təqdim edib

Filmdə Qarabağa qayıdışımızla təbiətin dirçəlişi mövzusuna diqqət çəkilir.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağın işğaldan azad edilməsinin 3-cü ildönümü münasibətilə “Biz Qayıtdıq” adlı sosial film hazırlayıb.

Qısa film vasitəsi ilə Qarabağda törədilən ekoloji terror və torpaqların yaşıllaşdırılmasının vacibliyi mövzusu xüsusi vurğulanır. Filmdə yurdundan ayrı düşmüş, uşaqlıq və gənclik illərini vətən həsrəti ilə keçirmiş və torpaqları qəhrəmanlıqla geri almış insan talelərindən bəhs edilir.

Filmin əsas qəhrəmanı Ceyhun əslən Qarabağdan olan bir ailənin övladıdır. O, uşaq yaşlarından başlayaraq bayramlarda doğma kəndlərinə gedə bilmədiyi üçün kədərlənir. Ceyhunun yeniyetməlik illəri də bu həsrətlə keçir. Onun babası hər bayramda çinar əkməyə çalışır, lakin bu ağaclar böyümür. Baba nəvəsinə öz kəndlərindəki uca çinar ağacından bəhs edir və izah edir ki, indi əkdiyi ağacın yetişə bilməməsinin səbəbi onun doğma torpaqlardan ayrı olmasıdır. Filmin sonunda Ceyhunun qəhrəman hərbçi olduğunu, zəfər və qürur hissini, babanın Vətənə qayıtmasını və evlərinin qarşısındakı çinarın kəsildiyini görürük. Lakin Ceyhun həmin torpaqda yeni bir çinar ağacı əkir.

Veysəloğlu Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentindən film barədə belə bildirilib: “Vətəndaşlığını dərk edən bir şirkət kimi, bizim üçün Qarabağ mövzusu, xüsusilə də ekoloji terrora məruz qalmış torpaqlarımızda həyatın bərpası çox həssas məsələdir. Odur ki, filmdə bu mövzuya diqqət cəlb etmək istədik. Özəl sektor olaraq torpaqlarımıza vurulmuş ekoloji zərbənin təsirlərinin aradan qaldırılmasına töhfə verməyə çalışırıq”.

Qeyd edək ki, Qarabağın azad olunması uğrunda şərəfli mübarizədə Veysəloğlu Şirkətlər Qrupunun 600-dək əməkdaşı iştirak edib. Şirkətin 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, onlarla əməkdaşı medallarla təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı