Ceyhun Bayramov BMT nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və UNECE arasında əməkdaşlıq gündəliyi və əməkdaşlıq perspektivləri, eləcə SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub.

Nazir Ceyhun Bayramov UNECE-nin əhatə dairəsinə daxil olan ətraf mühit, enerji, şəhər planlanması və s. istiqamətlərdə birgə səylərin artırılmasının vacib olduğunu vurğulayıb. SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin bu platforma çərçivəsində fəaliyyətə aktiv şəkildə töhfə verdiyini, bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha böyük təkan verdiyini diqqətə çatdırıb.

SPECA ölkələri ilə müxtəlif o cümlədən, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, nəqliyyat, kommunikasiyalar, ətraf mühit, innovasiyalar, dayanıqlı inkişaf məqsədləri və s. sahələr üzrə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd olunub. Xüsusilə, regional nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsi sahəsində mövcud təşəbbüslər və layihələrin əhəmiyyəti vurğulanıb.

2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri olduğunu qeyd edib.

İcraçı katib T.Molçan Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində göstərdiyi səylərin təqdirəlayiq olduğunu qeyd edib. Bu istiqamətdə, növbəti gün Bakı şəhərində keçiriləcək SPECA Sammitinin regional və beynəlxalq çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı