Şuşa haqqında kitab Strasburqda təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Pommierin həmmüəllifi olduqları “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi tərəfindən fransız dilinə tərcümə edilərək nəşr olunub.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsindən bəhs edən bu kitabın Strasburqda təşkil edilən təqdimatında Azərbaycan Respublikasının Avropa Şirası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov kitabın müəlliflərinə və Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin kollektivinə təşəkkür edərək, bu nəşrin fransız oxuculara Şuşa şəhərinin Azərbaycan xalqı üçün daşıdığı misilsiz dəyərin çatdırılmasına önəmli bir töhfə verəcəyinə dair inamını ifadə edib. İşğal dövründə Şuşa şəhərinin üzləşdiyi dağıntıları xatırladan F.İsmayılov həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi atlında qəhrəman Azərbaycan ordusunun Şuşanı işğaldan azad etdikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. O, fransız dilində yeni işıq üzü görən Şuşa haqqında kitabın oxucuları Azərbaycanın bu füsunkar diyarına səfər etməyə təşviq edəcəyinə ümidini bildirib.

İlk növbədə Azərbaycan ədəbiyyatının fransız oxuculara təqdim edilməsində ixtisaslaşan “Kəpəz” nəşriyyat evinin prezidenti Valentin Da Fonseka Şuşa barədə kitabın çapı ilə əlaqədar rəhbərlik etdiyi kollektivin sevincini dilə gətirib və bu kitabın oxucular üçün Şuşa şəhərinə və ümumiyyətlə Azərbaycanın zəngin məniyyətinə açılan bir pəncərə rolu oynadığını söyləyib. O, yenicə çapdan çıxmış bu kitabın artıq Fransanın əksər kitabxanalarında və eləcə də internet vasitəsilə sifariş edilə biləcəyini açıqlayıb.

Daha sonra “Kəpəz” nəşrlərinin yaxından izləyicisi olan hüquq elmləri doktoru, vəkil Tieri Edmond öz növbəsində kitabın mahiyyəti barədə hazırladığı xülasəni təqdimat iştirakçıları ilə bölüşüb. Kitabın gözoxşayan tərtibatı və əks etdirdiyi materialların əhatəliliyini vurğulan T.Edmond əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri barədə məlumatlar və fotoşəkillərdən ibarət fəsilləri ayrıca qeyd edib. O, Şuşanı Azərbaycan tarixi və mədəniyyətinin bir rəmzi kimi təcəssüm etdirən bu kitabın beynəlxalq səviyyədə fransız dilli oxucular tərəfindən maraqla qarşılanacağına inandığını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı