MM-in sədri Türkiyənin hakim partiyasının nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildiriblər ki, söhbət zamanı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycan və Türkiyə arasında münasibətlər uğurla inkişaf etdirildiyi qeyd olunub. Vurğulanıb ki, hər iki dövlət başçısının dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafına geniş imkanlar yaradır.

Bu münasibətlərin parlamentlər arasında da əməkdaşlığın daha da genişlənməsini şərtləndirdiyinin vurğulandığı görüşdə Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin yer almasının ölkələrimiz arasında qanunvericilik sahəsində də əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi niyyətinin göstəricisi olduğunu diqqətə çatdırılıb. Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında çoxşaxəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Sahibə Qafarova deputatlarımızın ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla fəaliyyət göstərdiklərini bildirib.

Söhbət zamanı qardaş ölkələrimizin dövlət qurumları və təsisatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Ölkələrimizin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyi ifadə olunub və partiyalar arasında əlaqələrin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə hazırda regionda mövcud vəziyyət haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri qeyd edib ki, bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı qərəzli, birtərəfli münasibətlərin şahidi oluruq. S.Qafarova bu cür meyllərə qarşı mübarizədə də birgə əməkdaşlığın önəmini diqqətə çatdırıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda sabitliyə, sülhə və əməkdaşlığa xidmət etdiyini vurğulayıb.

Sahibə Qafarova qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin birgə təşviqinin əhəmiyyətini də qeyd edib.

Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı