“Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik ideologiyasının memarıdır” - TƏHLİL

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edərək, müstəqilliyini əbədi və dönməz edib.

Ulu öndər barədə Metbuat.az-a danışan Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev xatırlatdı ki, 1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu”.

"Fransa qanlı keçmişini xatırlasa yaxşıdır" -

“İyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu.

Ulu öndər Heydər Əliyev prezident seçiləndən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Heydər Əliyev ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı oldu, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirirdi”.

Arzu Abdullayev vurğuladı ki, məhz ulu öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən hüquqi- normativ baza yaradılaraq, ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi:

“ Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Azərbaycan xalqı öz böyük oğlunu yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki ulu öndər Heydər Əliyev siyasi kursundan kənarda müstəqil Azərbaycan dövlətçiliyi yoxdur. Dahi şəxsiyyət Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən bir dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Ümummilli liderimizin gərgin səyləri ölkədə sabitliyin yaradılmasına və normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu”.

Uzun illər Türkiyənin Azərbaycandakı hərbi ataşesi vəzifəsində çalışmış general Yücel Karauz ulu öndərlə bağlı xoş düşüncələrini Metbuat.az-la paylaşdı. General deyir ki, bu gün Qafqazda müasir güclü Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu məhz Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir:

Yeni müharibə başlaya bilər? -

“Heydər Əliyev həm birinci, həm ikinci hakimiyyəti illərində Azərbaycanı bir çox sahələrdə inkişafa doğru apararaq əsasən də işğal altında olan torpaqların azad olunması istiqamətində mühüm təməllər atmışdır. Azərbaycan dövlətinin iqtisadi cəhətdən güclənməsi üçün 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanması Azərbaycanın sosial-iqtisadi inkişafında, həmçinin regional və qlobal əməkdaşlığın dərinləşməsində müstəsna rol oynadı. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Türk Dövlətləri Təşkilatı ətrafında birləşməsinin əsasını qoymuşdu.

Heydər Əliyev dövrün nəbzini məharətlə tutur və beynəlxalq şəraitin hansı addımların atılmasınnı şərtləndirdiyini çox aydın şəkildə görürdü. O baxımdan, Ulu öndər Türkiyə ilə münasibətlərə son dərəcə böyük önəm verir və xarici siyasətdə qardaş ölkələrin addımlarının əlaqələndirilməsinə, sinxronlaşdırılmasına çalışırdı. Çox məmnunedici haldır ki, onun bu fəaliyyəti öz nəticəsini verdi və Azərbaycanla Türkiyə sözdə yox, gerçəklikdə bir millətin iki dövləti halına gəldi”.

General Heydər Əliyevin gənclərə ordu sevgisi ilə bağlı müraciətini xatırladaraq bildirdi ki, Ulu öndərin ordu quruculuğu sahəsində atdığı ən önəmli addımlardan biri də 1972-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi açmaq olmuşdur:

“Ümummilli lider Qarabağ zəfəri yolunda ordu quruculuğuna göstərdiyi diqqət və qayğı Türkiyə ilə birgə Azərbaycan Hərbi Akademiyasını yaradılmasına təkan oldu. Bu gün Türkiyə-Azərbaycan hərbi əlaqələri maksimum dərəcədə inkişaf edirsə, bu Heydər Əliyevin hakimiyyəti illərində atılmış bünövrənin nəticəsindədir. Onun türk dünyasına verdiyi ən böyük hədiyyə Azərbaycana böyük zəfər gətirən varisi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevdir. Heydər Əliyevin ordu quruculuğu sahəsində başlatmış olduğu işıqlı yolu hazırda Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir.

Ümummilli lider təkcə Azərbaycanın oğlu deyil, həm də Türkiyənin və Türk dünyasının qürurla xatırlayacağı, xidmətləri heç vaxt unudulmayacaq bir liderdir. Ulu öndər Heydər Əliyevin vəfatının 20-ci il dönümünü ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı