Qəzza münaqişəsi belə həll oluna bilər

Misir İsrailə və HƏMAS-a Qəzzada atəşkəsin tətbiq edilməsi ilə bağlı təklif irəli sürüb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, təklif Qəzzada üç mərhələli atəşkəs və bütün məhbusların mərhələli şəkildə azad edilməsini nəzərdə tutur. Bildirilib ki, Misirin Qahirədə keçirilən sammitdə İsrail və HƏMAS-a təqdim etdiyi təklifə əsasən, birinci mərhələdə 2 həftəlik atəşkəs nəzərdə tutulub və bu müddət 3 və ya 4 həftəyə qədər uzadıla bilər. Bu mərhələdə qadınlar, uşaqlar, qocalar və xəstələr də daxil olmaqla 40 israilli məhbusun azad edilməsi planlaşdırılıb. Bunun müqabilində İsrailin eyni kateqoriyadan olan 120 fələstinlini azad etməsi, sözügedən müddət ərzində atəşkəsi bərqərar etməsi və tanklarını Qəzzadan çəkərək bölgəyə humanitar yardım çatdırması nəzərdə tutulub.

İkinci mərhələdə fələstinli qruplar arasında görüşlərin keçiriləcəyi və İordan çayının qərb sahilində və Qəzzada texnokratik hökumətin qurulmasının müzakirə ediləcəyi iddia edilib. Bildirilib ki, üçüncü və son mərhələ Qəzzadakı bütün israilli məhbusların azad edilməsi və “hərtərəfli atəşkəs” əldə edildikdən sonra sayı daha sonra müəyyən ediləcək fələstinli məhbusların azad edilməsidir.

Təklifə əsasən İsrail üçüncü mərhələdə Qəzza zolağından öz qüvvələrini çəkəcək və bölgənin şimalındakı qaçqın qəzzalıların evlərinə qayıtmasına icazə verəcək. Tərəflərin təklifə necə cavab verdiyi məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı