Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Metbuat.az xəbər verir ki, Laçın şəhərinə köçən daha 25 ailə mənzillərinin açarlarını təhvil alıb.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

ANAMA-nın əməkdaşları Laçına köçən yeni ailələrə mina və partlamamış sursatlar barədə məlumat verib, təhlükəli, yoxlanılmamış ərazilərə daxil olmamağı tövsiyə ediblər.

09:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Metbuat.az xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron rayonunda məskunlaşmışdı. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (63 nəfər) Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bərdə rayonunda yaşayan beş ailə (17 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşulacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1 555 nəfərin daimi məskunlaşması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı