Bakı, 5 iyun, AZƏRTAC
“DəmirBank” Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Qafqazda Enerjiyə Qənaət Proqramı”nın bir hissəsi olan Energocredit layihəsinin təqdimat mərasimini keçirib.
Bankdan AZƏRTAC-a bildirilib ki, “DəmirBank” ASC-nin marketinq departamentinin direktor müavini Sənan Həsənov Energocredit layihəsi barəsində qısa məlumat verib. İdarə heyətinin sədri Roman Əmircanov Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən, Azərbaycanda fəaliyyət göstərən kiçik, orta və iri müəssisələrin və həmçinin ev təsərrüfatlarının enerji istehlakının effektivliyinin artırılmasına istiqamətlənən Energocredit layihəsinin “DəmirBank” və müştəriləri üçün əhəmiyyətini sahibkarların diqqətinə çatdırıb.
Energocredit layihəsinin Azərbaycan üzrə layihə koordinatoru Nazim Məmmədov layihənin detalları barədə geniş məlumat verərək, bu günədək maliyələşdirilmiş bir sıra layihə nümunələrini nümayiş etdirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
“Energocredit “ Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz regionu üzrə layihəsidir. Yerli iştirakçı maliyyə qurumları ilə birgə, istehlak və biznes kreditləri üzrə enerji effektivli və bərpa olunan enerji layihələrini maliyyələşdirir. “Energocredit “ kredit xətti geri nağd ödəniş və pulsuz texniki mütəxəssis məsləhəti kimi üstünlüklər təklif edir.