Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Abşeronneft” neft və qazçıxarma idarəsinin istismar etdiyi “Darvin Bankəsi” yatağında əlavə 4 quyunun qazılması üçün 670 saylı stasionar dəniz özülünün yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla yerinə yetirib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə neft hasilatının yüksəldilməsi üçün quyu fondunun artırılması məqsədi ilə icra olunub. Layihə çərçivəsində trest tərəfindən 4 ədəd quyunun qazılması üçün 4 quyu şaxtası və çirkab sularının yığılması üçün 2 tutum quraşdırılıb, mövcud qülləaltı postamentin hərəkət yolu və boru yığma meydançası uzadılıb. Tikinti-quraşdırma işləri “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsi tərəfindən yerinə yetirilib.