Ermənistan yenə Qərbin maşası rolunda: Lokal xarakterli gərginlik yarana bilər

Məlum olduğu kimi, Ermənistan Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yığmağa cəhdlər göstərir. Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, martın 31-də şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistanın canlı hərbi qüvvəsinin aktivliyi qeydə alınıb.

Vəziyyəti şərh edən ekspertlər hesab edir ki, planın arxasında Ermənistana dəstək olan Qərbin maraqları dayanır.

Millət vəkili Arzu Nağıyev Metbuat.az-a bildirib ki, ABŞ, Fransa və digər havadarlar sülh müqaviləsinin imzalanmasından öncə şərti sərhədlərə uyğun olaraq yüksəklikləri ələ keçirib, daha sonra gələcəkdə delimitasiya və demarkasiya məsələsinə başlamaq barədə cəhdlər edirlər:

“Burada həmçinin həmin əraziyə mütləq şəkildə, özlərinin də müxtəlif sənədlərdə, qanuniləşdirməyə çalışdığı digər qüvvələrin gətirilməsi məsələsi var. Çünki beynəlxalq təşkilatların bəzi sənədlərində göstərilir ki, həmin digər dövlətlər olan sərhədləri Ermənistan sərhəd qoşunları və digər qüvvələr qoruyacaqdır. Düşünürəm ki, “digər qüvvələr” də məhz fransızlardan və sair təşkil olunmuş vizual kəşfiyyatçılardan ibarət silahlı dəstələrdir. Qənaətimə görə, burada terror təşkilatlarının da reqallaşdırılması istiqamətində addımlar atacaqlar.

Bu addımların bir qismi Rusiyaya qarşı hesablanıb. Bildiyiniz kimi, Federal Təhlükəsizlik Xidmətinin qoşunları müxtəlif sərhədləri qoruyur. Nə üçün Rusiya orada olduğu halda min kilometr uzaqdan hansısa dövlət Ermənistanı “xarici təcavüz”dən qorumalıdır? Təbii ki, burada Rusiyanın regionda olan bazalarının çıxarılması məsələsi də gündəmdə qalır”.

Son vaxtlar qoşunların şərti sərhəddə dislokasiya yerlərinin dəyişildiyini xatırladan millət vəkili hesab edir ki, genişmiqyaslı olmasa da, lokal şəkildə müəyyən problemlər yarana bilər:

Əgər bu baş verərsə, Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycanın hərbi qüvvələri ən yüksək səviyyədə öz işini görüb, qarşısını alacaqlar. Lakin regionda sülhün bərqərar olmasını istəməyən qüvvələr var. Burada Fransanın da adını çəkmək olar. Digər bir sıra Qərb dövlətlərinin də, hətta burada qonşu dövlətlərin də bəzilərinin marağı var. Yaxşı olardı ki, regionda təhlükəsizliyin qarantı üçün qonşu dövlətlər də bəyanatla çıxış etsin. Çünki yenidən müharibə alovlansa, onlardan yan keçməyəcək. Burada NATO qüvvələrindən, Rusiya-NATO gərginləşməsi fonunda Ermənistandan istifadə edilməsindən söhbət gedir. Regional gərginliyi azaltmaq üçün mütləq şəkildə beynəlxalq səviyyədə məsələyə qiymət verilməlidir”.

Ermənistanın məhz Brüssel görüşünə sayılı günlər qalmış hərbi fəallaşması barədə danışan Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Metbuat.az-a bildirib ki, 30 il öncə Ermənistanın hərbi aktivliyinin məqsədi Azərbaycan torpaqlarını işğal etmək olsa da, hazırda Brüssel görüşü öncəsi və sonrakı proseslərdə davamlı olaraq Azərbaycandan aqressiv, təcavüzkar, guya Ermənistanın torpaqlarını işğal etməyə cəhd göstərən bir ölkə kimi dünyaya nümayiş etdirmək məqsədi güdür:


“Ermənistan Qərbin, dünya ölkələrinin gözü qarşısında məzlum, zəif obrazını yaradaraq onlardan daha çox yardım əldə etmək, dəstək almaq, Azərbaycana qarşı hər hansı bir koalisiyası yaradılmasına nail olmaq istəyir.

Hakimiyyətin bu düşüncəsi birincisi Ermənistan və erməni xalqını, ikincisi də bölgəni fəlakətə sürükləyir. Hazırda bölgədə kövrək də olsa, bir sülh şəraiti var. Bu situasiya indiki Ermənistan hakimiyyətini və onun xaricdəki havadarlarını qane etmir. Qərbin isə bu məsələdə marağı Ermənistanda möhkəmlənmək, Ermənistan üzərindən bölgəyə müdaxilə etmək, burada qarışıqlıq yaratmaq, Rusiyanı bu gərginliyə cəlb etməkdir. Mən hesab edirəm ki, Ermənistanın Azərbaycandan təcavüzkar obrazı yaratmaq, Azərbaycana qarşı təzyiqləri artırmaq kimi niyyətləri baş tutmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı