İran əlaqələri normallaşdırmaq istəyirsə, bu addımlardan əl çəkməlidir - Fazil Mustafa

“İranla əlaqələrin normallaşdırılması bizdən asılı məsələ deyil. Bu, birbaşa İranın özünün yeritdiyi siyasətə bağlıdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, Tehranda səfirliyimizdə baş verən terror hadisəsini xatırladaraq bildirib ki, İran Azərbaycan daxilində yetişdirdiyi zombilər vasitəsilə terror aktları törətməsi qonşuluq prinsiplərinə tamamilə ziddir:

“Azərbaycanın Tehrana səfir göndərməsi İranın terrorçu fəaliyyətdən nə dərəcədə uzaqlaşacağından asılıdır. İran bizimlə səmimi münasibətlə normal əlaqələr yaratmağı düşünürsə, bu kimi addımlardan əl çəkməlidir. Biz İranın daxilində belə bir proseslərə rəvac vermədiyimiz halda, Tehranın bunu etməsi məntiqli davranış deyil. Digər tərəfdən, İranın Ermənistanla münasibətlərində də müəyyən hədləri keçməsi problemlər yaradır. Ona görə də bu kimi məsələlər birbaşa İranın səmimiyyətindən asılı olacaq”.

Deputat qeyd edib ki, iki ölkə arasında qırmızı xətlər dəqiqləşərsə, İranda səfirliyinin açılmaması üçün bir səbəb qalmır:

“Azərbaycan qonşularla normal münasibətə tərəfdar olan ölkədir. Ölkəmiz hər hansı bir şəkildə bir ziddiyyətlərin yaşanmasına çalışmır və bunun üçün hətta daha çox güzəştə gedir.

Ermənistan işğalçı, İran da müəyyən dərəcədə terrorçulara yaşıl işıq yandıran ölkə kimi bizə qarşı hansısa bir addımlar atırsa, bu problemin səbəbi biz deyilik.

Düşünürəm ki, səfirliyə hücum edən şəxsin haqqında verilən qərarın icrası ilə bağlı bir az ləngimə var. Bu real icra olunmalıdır. Hər kəs görməlidir ki, Azərbaycana qarşı hər hansı bir şəkildə qəsd edən şəxslər həm də ciddi məsuliyyətə cəlb olunurlar. Hesab edirəm ki, İran dövləti də bu məsələdə anlayışlı addım ata bilir”.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı