Bu, Azərbaycan xalqının qələbəsidir - Olimpiadaya vəsiqə qazanan güləşçi

Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir.

Metbuat.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Rafiq Hüseynov deyib.

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla uğura imza atan idmançı 87 kq çəki dərəcəsində mübarizə aparmağın çətin olduğunu bildirib: "Bu çəkidə mübarizə aparmaq fərqli idi. Müəyyən səbəblərdən Bakıda keçirilən lisenziya xarakterli turnirdən kənar qalmışdım. Amma İstanbuldakı yarışda özümü göstərə bildim".

35 yaşlı güləşçi Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlarını bildirib: "Qarşıda bizi güləş üzrə U-23 Avropa çempionatı gözləyir. Biz təcrübəli idmançılar gənclərə dəstək olmalıyıq. Daha sonra Paris-2024 Yay Olimpiya Oyunları başlayacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu mənim karyeramda son olimpiada olacaq".

Qeyd edək ki, R.Hüseynov yarımfinalda gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Paris olimpiadasına lisenziyanı təmin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı