Növbəti şabanın 15-ci gününü də belə yola verdik. Yığışdıq, ehsanları yedik, duaları etdik, əhya saxladıq, sevincimizi bölüşdük, dağılışdıq hərə öz işinə. İntizarı davam etdirməyə. Axı hədislərdən də bilirik: intizar ən üstün ibadətdir! İntizar yanğısı qəlbimizi yandırıb-yaxmaq prosesində azacıq fasilə verdikdə, gözlərimiz isə intizar yaşlarından quruduqda, vaxtaşırı gah sosial şəbəkələrdə, gah məscidlərdə, gah çayxanalarda mübahisələr gedəcək, hərə öz versiyasını irəli sürəcək: bəziləri deyəcək ki, Onun gəlişinə sayılı aylar qalıb, bəziləri də iddia edəcək ki, Onun gəlişi hələ əsirlər boyu reallaşmayacaq. Sonra yenə dönəcəyik ən üstün ibadətimizi davam etdirməyə. Bu gün gələr, sabah gələr, bu gün gələr, sabah gələr, bu gün... Yaxşı, doğurdan, bəs nə vaxt? Çoxumuz bilir: zülm ərşə dirənəndə. Həəə, bax, bu da kifayət edir. Di, haydı zalımlar! Türk arkadaşlarımız demiş, "kolay gəlsin!" Görün neynirsiniz, hər şey sizin əlinizdədi axı! Nə vaxt tam müvəffəq olacaqsınız, onda da Ağamız gələcək...

Düşünürsünüz ki, yuxarıda yazılanlar zarafatdı, hə? Müasir eloğluların təbiri ilə desək, "mırtdaşırıq", hə? Axı niyə elə düşünürsünüz? Məgər nəyisə mütləq dilə gətirmək lazımdır ki? Zatən, yuxarıda yazılanlara məntiqlə çox asan gəlib çıxmaq olar. Haqqla batil arasındakı məsafə 4 barmaq deyil ki? Daha haqq varkən neynirik batili? Məgər davranışlarımızdan belə çıxmır? Dua edirik, çağırırıq ki, gəl! Gəl da! Hələ bəzilərimiz məxsusi duanı oxuyandan sonra əlini 3 dəfə dizinə də vurub hayqırır: "Tez gəl!" Bilirəm, kiminsə xətrinə dəyəcək. Amma bizim bu çağırışımız bilirsiz nəyə bənzəyir? Ramazan ayında ümmətin bütün alimlərini, övliyalarını, abidlərini evimizə dəvət edək, amma bir hazırlıq görməyək. Onlar da qapımızı açıb görsünlər ki, nə yemək masası hazır deyil, nə də ev silinib-süpürülüb. Hələ bu azmış kimi, ev yiyəsi də yıxılıb yatıb bir küncdə. Bəsirət gözünə maliklər gəlməzlər, yəqin. Biz gözlədiyimiz, gəlişinə ümid etdiyimiz isə bu reallığı dəqiq bilir, şübhəsiz, daha uzun yollar qət etməyə ehtiyac yoxdur. Gələrmi? Hm, görürsünüz, ümid qalır ancaq zalımlara...

Amma bu məsələdə təşəbbüs ikitərəfli olmalıdır. Şumlanmamış torpağa dən səpilməz. Nəticəsi, daha doğrusu nəticəsizliyi əvvəlcədən bəllidir. Deməyək ki, "mən kiməm e?!" Bəlkə də elə siz ən həlleidici bəndsiniz, ən həlledici halqasınız, ən sonuncu damlasınız. Əmr bil-məruf və nəhy ənil-münkər məgər hər birimizin vəzifəsi deyil? Məgər bunun üçün "Lümə"ni əzbərləmək, başında əmmamə gəzdirmək, yarıfars-yarıazərbaycanca danışmaq mütləqdirmi? Hərənin öz payı var bu məsələdə. Yaxşılığa dəvət məgər ancaq namaza çağırmaq, oruc tutmağa sövq etməkdir? Bir gəncə ictimai nəqliyyatda qadınlara və qocalara yer verməyin zəruriliyini izah etmək yaxşılığa dəvət deyilmi? Bunu anlayan gənc Allaha doğru cüzi də olsa bir addım atmış olmayacaqmı? Ya birini şəhərin küçələrini zibilləməkdən çəkindirmək lazımsız əməldir, savab "sayğacı" bunu "iqnor" edəcək? Elə deyil axı! Hərənin öz yeri var. Bu eynən ordu misalındadır. Əsgərin əsgər vəzifəsi var, generalın general. Biz vəzifələrimizi yerinə yetirək, torpağı şumlayaq, dən səpək, sonra da Allaha yalvaraq ki, intizarımıza son qoysun. Yoxsa ki, hamılıqla yaxamızı çəkək kənara, gözləyək zülmün ərşə dirənəcəyi günü...

P.S. Ordu məsələsinə bir zəruri əlavə. Əsgər gərək heç vaxt general missiyasını üzərinə götüməsin, əsgər olduğunu anlasın. Əks təqdirdə "qaş düzəltdiyi yerdə vurub gözü çıxarar".

P.P.S. Amma general da gərək üzərinə düşən məsuliiyəti hiss etsin, geri çəkilib əsgərlərin sırasında gizlənməsin, "hamı necə, mən də elə" deməsin.

islam.az