20 Yanvar-İstiqlaliyyət yolunun zirvəsi

22:08 19 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 25 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşüb. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet reyimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı-seçkiliyə, ədalətsizliyə dözməyərək, “Torpaqdan pay olmaz!” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusion hüquqlarının bərqərar edilməsi tələbi ilə küçələrə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi, ağır yaralandı, ömürlük şikəst oldu. Sovet rejiminin bu qanlı terror aktı barədə bütün dünyaya məlumat yayıldı.
Ümummilli lider Heydər Əliyev 1987-ci ildə min hiylə və məkrlə keçmiş SSRİ-nin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın düşmənlərinin, ölkəmizə qarşı torpaq iddiasında olan nankor qonşumuz Ermənistanın sanki əli-qolu açıldı. Bununla da Azərbaycanın tarixində növbəti dəhşətli anlar mərhələsi başlandı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan torpaqlarına təcavüz planlarını gerçəkləşdirə bilməyən qüvvələr fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar. Bu işdə keçmiş SSRİ rəhbərliyinə arxalanan təcavüzkar Ermənistan Azərbaycan ərazilərinə iddialarını daha həyasız şəkildə irəli sürürdü.
Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terror aktına əl atan sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Sovet ordusu Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı, eləcə də keçmiş SSRİ-nin həmin vaxt rəhbəri olmuş Mixail Qorbaçovun razılığı ilə şəhərə girmişdi. Azərbaycanı sovet imperiyasının buxovlarında saxlamaq, sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək və milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilmişdi. Sonradan məlum oldu ki, xalqın haqq səsini batırmaq üçün 35 minlik ordu yeridilibmiş.
Azərbaycan xalqına divan tutulması üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları əsas vəzifələrin icraçıları olublar. M.Qorbaçov başda olmaqla sovet imperiyasının digər rəhbərləri də milli ayrı-seçkilik bəhanəsindən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirdilər. Guya Bakıya yeridilən qoşun hakimiyyəti zorakı yollarla ələ keçirməyə çalışan 2 “millətçi ekstremist”i zərərsizləşdirəcək və hərbi qulluqçuların ailələrini qoruyacaqmış. Bu, qabaqcadan hazırlanmış uydurma plan idi. Elə həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Sovet dövləti tabeliyində olan həmin qüvvələrdən istifadə edə bilərdi.
1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirilirdi. İlk növbədə, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Respublika üzrə televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Günahsız insanları tankların altında əzərək, qadağan olunmuş güllələrlə qətlə yetirərək bəşər tarixində görünməyən vəhşiliyə əl atdı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çoxlu sayda insan isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilmişdi. Nəticədə ölənlərin sayı 147-yə çatdı, 700-dən artıq insan ağır bədən xəsarəti aldı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz həbs edildi. Həlak olan dinc sakinlər arasında uşaqlar, qocalar gənclər və qadınlar var idi. Sovet ordusunun dinc əhalini amansızcasına qətlə yetirməsi əməliyyatına keçmiş SSRİ-nin müdafiə naziri Yazov rəhbərlik edirdi. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qətiyyətsizlik, qorxaqlıq və siyasi təslimçilik nümayiş etdirdi.
Qanlı Yanvar qətliamını həyata keçirmiş sovet rejiminə qarşı ən kəskin bəyanatı o vaxt Moskvada yaşayan, təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi. Ulu Öndər faciə törədiləndən bir gün sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qırğını kəskin şəkildə pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. O, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi yenə də kölə psixologiyasından əl çəkmədi, bu qətliamın bilavasitə təşkilatçısı və iştirakçısı olmuş SSRİ rəhbərliyinin mövqeyini dəstəkləmiş cinayətkarların məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görmədi. Əksinə, bu cinayəti ört-basdır etmək üçün bütün vasitələrə əl atdı.
20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verdi. Həmin vaxt qəbul edilmiş bu önəmli sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.Qorbaçov, SovİKP MK-nın katibi A.Girenko, SSRİ müdafiə naziri V.Bakatin, SovİKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsdə görə birbaşa məsuliyyət daşıyırlar.
O vaxt Azərbaycan Xalq Cəbhəsinin bəzi fəalları da Bakıda qan töküləcəyi barədə məlumatlı olublar. Yaranmış fürsətdən istifadə edərək hakimiyyəti ələ keçirmək məqsədləri olduğundan onlar gözlənilən faciə barədə əhalini xəbərdar etməmişdilər.
Bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsi məsələsindən yan keçən Azərbaycanın o vaxtkı rəhbərləri hətta faciəni unutdurmaq üçün bütün vasitələrə əl atırdılar. Ancaq ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsini hakimiyyət qarşısında bir tələb kimi qoyurdu. 1991-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyev dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırmışdı. Həmin il avqustun 29-da Ulu Öndər Ali Sovetin sessiyasındakı çıxışında deyib: “20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün burada, bu salonda da cürbəcür söhbətlər gedir...Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi, həm də hüquqi tərəfləri var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı”.
AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə də qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilmədi. Məhz ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə obyektiv qiymət verildi. Ulu Öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Faciə nəticəsində həlak olanlara onun Fərmanı ilə 20 Yanvar şəhidi adı verildi, onların ailələrinə birdəfəlik yardım göstərildi.
Ümummilli Lider yanvarın 20-də imperiya qoşunları qarşısında mərd-mərdanə dayanan Azərbaycanın cəsarətli oğul və qızlarının bu dəyanətini yüksək qiymətləndirərək deyib: “Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir”.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində şəhid olan insanların ailələrinin, müharibə veteranlarının, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 
Beləliklə, 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qəhrəmanlığını bir daha nümayiş etdirdi. Həmin gün istiqlaliyyət yolunun zirvəsi oldu. İyirmi Yanvar şəhidlərinin əziz xatirəsi hər il ölkəmizdə və xaricdə böyük ehtiramla yad edilir. Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.
Cavid Bədəlov
AzərTAc–ın müxbiri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Istiqlaliyyet_yolunun_zirvesi-825961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR