"Suriya ilə bağlı yeni bir açıqlama yoxdur".
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə TNS-in Əsədin həbsxanasında azərbaycanlıların olub-olmaması barədə sorğusuna cavabında deyib.
O qeyd edib ki, məsələ ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
10:20
Suriyanın sabiq Prezidenti Bəşər Əsəd hakimiyyəti devriləndən sonra bu ölkədəki dəhşət saçan gizli həbsxanalardan görüntülər paylaşılıb.
Metbuat.az tns.az-a istinadən xəbər verir ki, paylaşılan görüntülərdə həbsxanalarda uzun müddət işgəncələr görmüş və öldürülmüş insanların şəxsiyyət vəsiqələri də yer alıb. Həmin şəxsiyyət vəsiqələrindən görünür ki, bu obyektlərdə suriyalılarla yanaşı, başqa ölkə vətəndaşları da var. Sənədlər arasında Azərbaycan vətəndaşlarına məxsus şəxsiyyət vəsiqələri və ya ümumvətəndaşlıq pasportlarının olub-olmaması məlum deyil.
Nəzərə alsaq ki, bir müddət əvvəl Suriyada gedən döyüşlərdə Azərbaycandan olan bəzi radikal dindarlar da iştirak edirdi, belə bir vəziyyətdə Əsəd həbsxanalarında onların da olduğu istisna deyil.