"Barselona" malili gənc yarımmüdafiəçi İbrahim Diarranı heyətinə qatıb.
Metbuat.az xəbər verir ki, bu barədə klub açıqlama verib. Açıqlamada deyilir ki, malili futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Məlumata görə, istedadlı futbolçu klubun gənclərdən ibarət komandası olan “Barselona Atletik” komandasına qoşulub. Qeyd edək ki, İbrahim Diarra 17 yaşadək futbolçular arasında 2023-cü il Dünya Çempionatında Mali millisinin heyətində uğurlu çıxışı ilə Avropa klublarının marağına səbəb olub. Yarımmüdafiəçi kimi fərqlənən Diarra "Barselona"nın sınaq prosesindən uğurla keçərək Kataloniya nəhənginə qoşulub.
Futbolçu top texnikası, fiziki tərəfi və çox yönlülüyü ilə seçilir. "Barselona" transferin maliyyə detallarını açıqlamasa da, əvvəlki məlumatlara görə, Diarranın transferi 1,7 milyon avroya həyata keçirilib.