Bakı, 9 iyun, Fərhad Vahid-zadə, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Fransanın “Alstom” şirkətindən aldığı 3 yeni qatarı iyun ayının 9-dan etibarən sərnişinlərin istifadəsinə verib.
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, yeni qatarlar sınaq müddətini uğurla tamamlayıb və artıq hər üşü xəttə buraxılıb. “Qatarlar metronun “Həzi Aslanov-İçərişəhər” xətti üzrə sərnişinlərə xidmət edəcək”,- dəyə N. Paşayev söyləyib.
Qeyd edək ki, yeni qatarların əvvəlkilərdən həm texniki göstəricilərinə, həm də komfortuna görə fərqlənir. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Yeni qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan sistem quraşdırılıb, “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb. Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir. Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır.