Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlığı çərçivəsində “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının loqosunun müəyyənləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin qalibinin adı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatının rəhbəri Zurab Gventsadzenin müsabiqəyə təqdim etdiyi loqonun orijinallığı yüksək qiymətləndirilib və qalib seçilib. Bəyənilən variantın “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu kimi müəyyən edilməsi qərara alınıb. Digər iki loqonun müəllifi - Azərbaycan və İspaniya təmsilçiləri xüsusi diploma layiq görülüblər.
ADTGT-nin sədri Asif Əsgərli qeyd edib ki, Azərbaycan, İspaniya, Latviya, Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Bosniya və Herseqovina və Türkiyədən yaradıcı şəxslər, QHT-lər müsabiqəyə böyük maraq göstəriblər. Müsabiqəyə 37 loqo variantı təqdim olunub. Loqolar ekspert komissiyası tərəfindən qiymətləndirilib.
Z.Gventsadze bildirib ki, üzərində ingilis dilində “Növbəti il Qarabağda” sözləri yazılan loqoda Şuşa məscidi, Xarı bülbül və musiqi açarı göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Şuşa Azərbaycan üçün bir simvoldur. Şuşanın mədəni abidələrinin dağıdılması təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Bu baxımdan “Şuşaya azadlıq” kampaniyası çox önəmlidir və biz bunu davam etdirməliyik. Bu gün Azərbaycanın bir nömrəli problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd edib ki, kampaniya bütün xarici ölkələrdə təşkil edilməlidir. Bu gün Azərbaycan Ordusu və ölkə gəncliyi işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır. Ermənilər bilirlər ki, onların başqa çıxış yolu qalmayıb. Azərbaycanın uğurları artdıqca ermənilərin iç üzü bir daha özünü göstərir.
İctimai Birliyin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev beynəlxalq kampaniyanın əhəmiyyətindən danışıb, onun daha geniş miqyasda davam etdirilməsinin zəruriliyini vurğulayıb.
“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının loqosu ictimaiyyətə təqdim edildi
“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının loqosu ictimaiyyətə təqdim edildi