Bakı, 11 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər Xəzər Rayon Polis İdarəsi, Beyləqan, Şuşa, Yardımlı, Sabirabad, Samux Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da keçirilib.
Bu tədbirlər zamanı ümumilikdə 3356, o cümlədən Beyləqan rayonunda 353 nəfərə, respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış Şuşadan olan 263 məcburi köçkünə, Yardımlıda 155 rayon sakininə, Sabirabadda 408, Samux rayonunda 981, Füzulidə isə 861 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib.
Bundan əlavə, paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş səyyar xidmətlər zamanı 335 nəfərin müvafiq sənədləri də qəbul olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.