Kishi.az saytı məşhurlar arasında "Qarşı cinsin oxumalı olduğu ilk 5 kitab hansıdır?" sorğusu keçirib.
Onların cavablarıını təqdim edirik.
Fatimə Fətəliyeva:
Məncə, qadın psixologiyası haqqında elə kitablar var ki, onları kişilər mütləq oxumalıdırlar. Elə kişilər var ki, onların qadınlara qarşı davranışı bir o qədər düzgün deyil. Buna görə də kişilər qadınları daha yaxşı anlamaq üçün onlar haqqında yazılmış kitabları mütləq oxumalıdırlar.
Roza Zərgərli:
"Qurani-Kərim"in tərcüməsini oxumalıdırlar. Daha sonra yoqa, sürücülük, ailə, qanunlar haqqında kitablar və dahi yazıçıların kitablarını oxumalıdırlar.
Dilqəm Əhməd:
Mən metroda, avtobuslarda, ümumiyyətlə kütləvi yerlərdə müşahidə edirəm ki, qadınlar daha çox detektiv və sevgi haqqında olan əsərlərə müraciət edirlər. Azərbaycan qadınlarına xüsusi fərq qoymadan məsləhət görərdim ki, birinci Azərbaycan klassiklərinin əsərlərini oxusunlar. Düşünürəm ki, buna çox ehtiyac var. Xüsusilə də C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi, .F.Axundovu, Y.V.Çəmənzəminli, Qurban Səid və digərlərini oxusunlar.
Aysel Əlizadə:
1) "Madam Bovari"(Q. Flober)
2) "Qadınların Kitabı" (Osho)
3) "Misses Dalloway" (V. Woolf)
4) "Yalqız qadın" (H.Robins)
5) "İkinci cins" (Simona de Bovuar)
Kənan M.M:
1."Qurani-Kərim"
2. Yemək haqqında kitab
3. Hamiləliklə bağlı kitab
4. "Dahi" (T.Drayzer)
5. "Səfillər" (V.Hüqo)
Şəhriyar Del Gerani:
Kişi və qadınların kitab oxumalarında heç bir fərq qoymuram. Ancaq istərdim ki, tək qadınlar yox, hamı dünya ədəbiyyatından Z.Freyd, C.Selincer, S.B.Beket, H.Hesseni, Azərbaycan ədəbiyyatından isə Vaqif Bayatlı Oder, S.Sarvan, Ə.Əylislini oxusun.
Gülyaz Məmmədova:
Məncə kişilər ilk olaraq, "Qurani-Kərim"i oxumalıdırlar, çünki Quran elə hamısı deməkdir. Daha sonra isə N.Gəncəvinin "Xəmsə"sini oxusunlar.
Sevinc Çılğın:
1) "Qızlar, sözüm sizədir" N.Babayev
2) "Zəfər tağı" E.M.Remark
3) "Torpağın bərəkəti" K.Hamsun
4) "Madam Bovari" Q.Flober
5) "Yumurta" S.Çılğın
Aqşin Yenisey:
Sözün açığı, mən bu barədə heç vaxt düşünməmişəm. Yazıçıları kişi-qadına bölürük, heç olmasa oxucuları bölməyək. İndiki halda konkret ad deyə bilmərəm, amma düşünürəm ki, qadınlar kişilərdən daha çox oxumalıdır. Çünki onlar evdə həm də müəllimliklə məşğuldurlar. Yəni, təhsildən əvvəl uşaqları dünya, cəmiyyət, həyat ilə tanış edən qadınlardır. Ona görə atanın savadsız olmağı, kitab oxumamağı, bəlkə də başa düşüləndir. Ancaq qadının savadsız olmağı, kitab oxumamağı günahdır. Bütün hallarda qadınların kişilərdən çox kitab oxumağının tərəfdarıyam.
Rəşad İlyasov
Mənə elə gəlir ki, ilk olaraq "Qurani-Kərim" oxunmalıdır. Bu kitab sənin stolüstü kitabın olmalıdır, həyatının hər məqamlarında o kitaba müraciət etmək lazımdır. Daha sonra, F.Kərimzadənin "Xudafərin körpüsü" və "Çaldıran döyüşü" əsərini oxusunlar. Müasirlərdən isə, mən istərdim ki, xanımlarımız M.Müşviqin şeirlərini oxusunlar.
Rəşad bəylə söhbətimizn zamanı həyat yoldaşı Gülnarə xanım da öz fikirlərini bizimlə bölüşür. Gülnarə xanımın fikrincə, bəzi qadınlar heç olmasa əlifbanı mütləq oxumalıdırlar.
İradə İsaq:
Kişilər daha çox qadın ruhunu əks etdirən kitabları oxusunlar. Məsələn, A.Moruanın əsərlərini, O.Balzakın "Otuz yaşlı qadın" kitabını məsləhət görərdim.
Bahar Lətifqızı:
Kitab məsələsi belədir ki, o hərənin öz zövqünə baxır. İnsan öz zövqünə görə kitabı oxumalıdır. Fərqi yoxdur, kişi və ya qadın, həyatında heç olmasa ən azı 20-30 kitab oxumalıdır. Həm bədii, həm tarixi, həm də siyasi mövzuda oxumalıdır.
Milli.Az