AI-nin media üçün yaratdığı risklərin artması beynəlxalq təşkilatları bu risklərin qarşısının alınması üçün hüquqi və etik mexanizmlər formalaşdırmağa sövq edir. Məqalədə beynəlxalq təşkilatların bu istiqamətdə atdığı əsas addımlar və formalaşdırdığı yanaşmalar nəzərdən keçirilir.

UNESCO-nun 2021-ci ildə qəbul etdiyi “Süni intellektin etikası haqqında Tövsiyə”də şəffaflıq, insan nəzarəti, məsuliyyət və hesabatlılıq kimi əsas prinsiplər yer alır. Həmçinin, tövsiyədə süni intellekt və məlumatlar haqqında ictimai anlayışın artırılması, media savadlılığının inkişaf etdirilməsi, AI sistemlərinin auditi və onların təsirlərinin qiymətləndirilməsi də mühüm elementlər kimi göstərilir. Sənəddə vurğulanır ki, süni intellekt sistemləri insanın son qərarvermə və məsuliyyət funksiyasını aradan qaldırmamalıdır ( https://www.unesco.org/en/artificial-intelligence/recommendation-ethics ).

Avropa İttifaqının “Süni İntellekt Aktı” bu prinsipləri hüquqi müstəviyə keçirən mühüm mexanizmlərdən biridir. Xüsusilə 2026-cı il avqustun 2-dən tətbiq olunan şəffaflıq öhdəlikləri insanların AI ilə yaradılan və ya manipulyasiya edilən müəyyən məzmunu tanımasına imkan yaratmağı nəzərdə tutur. Bu çərçivədə AI tərəfindən yaradılan və ya dəyişdirilən məzmunun maşın tərəfindən oxuna bilən formada işarələnməsi, deepfake-lərin isə aydın şəkildə etiketlənməsi tələb olunur. Eyni zamanda, ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan, amma insan tərəfindən nəzərdən keçirilməmiş, redaktə olunmamış AI mətnləri barədə də auditoriyaya xəbərdarlıq edilməlidir ( EU AI Act-Regulation (EU) 2024/1689, EUR-Lex: https://eur-lex.europa.eu/eli/reg/2024/1689/oj ). Bu tələblər xüsusilə media üçün əhəmiyyətlidir. Çünki onların əsas məqsədlərindən biri AI vasitəsilə yaradılan məzmunun insanları yanıltması riskini azaltmaqdır.

Avropa Şurasının AI məsələsinə yanaşması isə daha çox insan hüquqları, demokratiya və ifadə azadlığının qorunması prizmasından formalaşır. Şura hesab edir ki, süni intellekt texnologiyalarının inkişafı insan hüquqlarının həyata keçirilməsinə mane olmamalı, əksinə, AI sistemlərinin bütün həyat dövrü insan hüquqları, demokratiya və hüququn aliliyi prinsiplərinə uyğun olmalıdır. Bu yanaşma xüsusilə vacibdir. Çünki süni intellektin geniş yayılması informasiya əldə etmək və yaymaq imkanlarını artırmaqla yanaşı, ifadə azadlığına, jurnalistlərin fəaliyyətinə və ictimaiyyətin etibarlı informasiya əldə etmək hüququna yeni risklər yaradır ( Avropa Şurasının AI üzrə Çərçivə Konvensiyası: https://www.coe.int/en/web/artificial-intelligence/the-framework-convention-on-artificial-intelligence ).

Media sektoru üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar bu mövzuda daha konkret mexanizmlər təklif edirlər. Avropa Yayımçılar Birliyi (EBU) generativ AI-nin media mühitində istifadəsi zamanı məlumatlardan istifadə, mənbənin göstərilməsi və məzmunun yoxlanılması kimi məsələlər üzrə koordinasiyalı yanaşmanın vacibliyini qeyd edir. EBU-nun yanaşmasında AI-nin ictimai xidmət mediasına inteqrasiyası zamanı etika, auditoriyanın maraqları, etibarlı informasiya və məsuliyyətli texnoloji tətbiq əsas istiqamətlər kimi önə çıxır ( EBU-Generative AI and Public Service Media: https://www.ebu.ch/guides/open/report/generative-ai-public-service-media ).

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) məsələni birbaşa jurnalistin peşəkar məsuliyyəti və əmək hüquqları ilə əlaqələndirir. Federasiyanın 2025-ci il tövsiyələrində AI tərəfindən tam və ya böyük ölçüdə hazırlanmış materialların aydın şəkildə işarələnməsi, yayımlanan jurnalistik materialın son məsuliyyətinin müvafiq insan jurnalistin üzərində olması, jurnalistlərin müəlliflik hüquqlarının qorunması və AI şirkətləri ilə məzmunun istifadəsinə dair razılıq və kompensasiya mexanizmlərinin yaradılması tələb olunur.

Bu yanaşma 2026-cı ildə IFJ Dünya Konqresinin qəbul etdiyi “AI-nin mediada istifadəsi üzrə Qlobal Çərçivə Sazişi”ndə daha da inkişaf etdirilib. Sənəddə son redaksiya qərarının maşına həvalə edilməməsi, jurnalist məzmununun açıq razılıq və ədalətli ödəniş olmadan AI sistemlərinin təlimində istifadə edilməməsi, AI-dən jurnalistlərin monitorinqi və media işçilərinin avtomatlaşdırılmış qiymətləndirilməsi üçün istifadə olunmaması, həmçinin redaksiyalarda AI tətbiqinin həmkarlar ittifaqları ilə kollektiv danışıqlar əsasında həyata keçirilməsi əsas prinsiplər kimi müəyyənləşdirilir ( https://www.ifj.org/media-centre/news/detail/category/ai/article/ifj-adopts-global-framework-agreement-on-artificial-intelligence-in-the-media ).

Beynəlxalq yanaşmaları ümumiləşdirdikdə, generativ süni intellektin mediada məsuliyyətli istifadəsi üçün bir neçə əsas şərt önə çıxır: insanın son qərar və məsuliyyət daşıyıcısı kimi qalması, AI istifadəsində şəffaflığın təmin edilməsi, müəllif və mənbə hüquqlarının qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, AI tərəfindən yaradılan və ya dəyişdirilən məzmunun zəruri hallarda işarələnməsi, jurnalistlərin AI savadlılığının artırılması və texnologiyanın tətbiqi ilə bağlı aydın redaksiya qaydalarının hazırlanması. Bu prinsiplərin əksəriyyəti UNESCO-nun AI etikası üzrə Tövsiyəsində, Avropa İttifaqının AI Aktında, Avropa Şurasının sənədlərində, EBU və IFJ-nin tövsiyə və çərçivə sənədlərində müxtəlif formalarda əksini tapır.

Bu prinsiplər göstərir ki, əsas məsələ süni intellektin mediada istifadəsindən imtina etmək deyil. Əsas məqsəd texnologiyanı jurnalistikanın fundamental prinsiplərinə — dəqiqlik, məsuliyyət, şəffaflıq və ictimai etimad prinsiplərinə tabe etməkdir. Süni intellekt jurnalistin köməkçisi ola bilər, lakin jurnalistikanın özü və onun ictimai məsuliyyətinin daşıyıcısı insan olaraq qalmalıdır. IFJ-nin 2026-cı il Qlobal Çərçivə Sazişində də vurğulandığı kimi, AI jurnalistikanın fundamental prinsiplərini əvəz etməməli, onların qorunmasına xidmət etməlidir.

Növbəti məqalələrimizdə beynəlxalq təşkilatların süni intellekt sahəsində şirkətlər, dövlətlər və media təşkilatları qarşısında formalaşdırdığı hüquqi və etik öhdəlikləri daha ətraflı nəzərdən keçirəcəyik.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


Beynəlxalq təşkilatların AI və media münasibətlərinə yanaşması

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.