Türkiyə futbolunda yeni mövsüm bu gün start götürür. 2026/2027-ci il mövsümü əvvəlkilərdən fərqli olaraq yalnız çempionluq mübarizəsi ilə deyil, dünya futbolunun tanınmış ulduzlarının iştirakı ilə də diqqət çəkir.

Metbuat.az xəbər verir ki, 69-cu dəfə keçiriləcək Süper Liqada yeni mövsümün əsas favoritləri sırasında “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” yer alır. Bu komandaların heyətində dünya futbolunun məşhur simalarının toplanması çempionatın marağını daha da artırıb.

Son 4 mövsümün çempionu olan “Qalatasaray” heyətini qoruyub. İstanbul təmsilçisi Leroy Sanenin də yer aldığı heyətlə növbəti çempionluğa iddialıdır. Komandanın ən böyük kozırlarından biri isə Viktor Osimhendir.

“Fənərbağça” isə uzun illərdən sonra çempionluq arzusunu reallaşdırmaq üçün heyətini ciddi şəkildə gücləndirib. İstanbul klubunun transferləri arasında Romelu Lukaku, Mason Qrinvud, Vedat Muriqi və Ake kimi tanınmış futbolçular var. Komanda həm Türkiyədə, həm də Avropada iddialı nəticələr qazanmağı hədəfləyir.

“Beşiktaş” da ulduz transferləri ilə diqqət çəkir. Leroy Sane və Osimhen kimi adların kölgəsində qalmayan İstanbul klubunun hücum xəttinə Duşan Vlahoviçin əlavə olunması böyük səs-küy yaradıb. Leandro Trossardın da komandaya qatılması “qara-qartallar”ın çempionluq yarışında ciddi iddia ortaya qoymasına səbəb olub.

“Trabzonspor” isə mövsümün ən sensasion transferlərindən birinə imza atıb. Paul Onuaçunun yer aldığı hücum xəttinə dünya futbolunun ən məşhur simalarından Məhəmməd Salahın əlavə olunması Türkiyə futbolunda böyük rezonans doğurub. Klub bu mövsüm yalnız çempionluğa şərik olmağı deyil, zirvə uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub.

Bütün bu transferlərin fonunda Süper Liqanın ümumi bazar dəyəri də ciddi şəkildə yüksəlib. Osimhen, Lukaku, Qrinvud, Trossard, Salah və Vlahoviç kimi futbolçuların çempionata gəlməsi liqanın ümumi dəyərinin 1,5 milyard avro həddini keçməsinə səbəb olub.

Yeni mövsümün ilk qarşılaşmaları bu gün keçiriləcək. Rəsmi təqvimə əsasən, 2026/2027-ci il mövsümü 14 avqustda başlayır və 23 may 2027-ci ildə başa çatacaq.