İranda internetə tətbiq olunan məhdudiyyətlər fonunda VPN istifadəsi ilə bağlı yeni açıqlama verilib.
Metbuat.az xəbər verir ki, İran Prezidentinin müavini Məhəmməd Cəfər Qaimpənah VPN-lərin ölkənin təhlükəsizliyi üçün risk yaratdığını və “düşmənin sızmasını və casusluq fəaliyyətlərini asanlaşdırdığını” iddia edib. Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Qaimpənah bildirib ki, təhlükəsizlik qurumlarının hazırladığı hesabatlarda VPN istifadəsinin mümkün təhlükələri qeyd olunub. Onun sözlərinə görə, VPN-lərin geniş yayılması bəzi şəxslərin bu sahədən böyük gəlir əldə etməsinə də səbəb olur.
İran rəsmisi VPN satışlarının illik dövriyyəsinin təxminən 12 trilyon tümənə (64 milyon dollar) çatdığını deyib. O, bu vəsaitin kimlərin cibinə getdiyini bilmədiklərini, lakin pulun Rabitə Nazirliyinə və ya operatorlara çatmadığını bildirib.