İranda uzun illər ərzində yaşlı kişiləri hədəf aldığı və onlardan ən azı 10-nu öldürdüyü bildirilən 56 yaşlı qadınla bağlı məhkəmə qərarı açıqlanıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Mazandaran əyalətində yaşayan Kolthoum Akbari 20 il ərzində müvəqqəti nikah yolu ilə evləndiyi kişiləri öldürməkdə təqsirli bilinib. Məhkəmə onun ən azı 10 ərinin ölümündə günahkar olduğunu müəyyənləşdirib və hər bir qətl üzrə ayrıca edam cəzası çıxarıb.

İran mətbuatının yazdığına görə, “Qara dul” ləqəbi verilən Akbari əsasən yaşlı kişilərlə müvəqqəti nikah bağlayıb. Daha sonra onları müxtəlif dərman preparatları və bəzi hallarda sənaye spirti ilə zəhərləyib.

Cinayətlərin müxtəlif ünvanlarda törədilməsi hadisələrin uzun müddət üzə çıxmamasına səbəb olub. İstintaqın məlumatına görə, Akbari qurbanlarını əvvəlcədən seçib, nikahdan sonra isə onları zəhərləyib.

Akbarinin cinayətləri 2023-cü ildə 82 yaşlı əri Gholamreza Babaeinin ölümündən sonra üzə çıxıb. Məlumata görə, Babaei ölümündən əvvəl ailə üzvlərinə Akbarinin ona dərman qəbul etdirməyə məcbur etdiyini deyib. Kişinin bundan qısa müddət sonra vəfat etməsi şübhələrə səbəb olub və araşdırma başladılıb.

İstintaq zamanı Akbarinin əvvəlki ifadələri də diqqət çəkib. O, neçə nəfəri öldürdüyünü dəqiq xatırlamadığını və qurbanlarının sayının 13-15 arasında ola biləcəyini bildirib. Hüquq-mühafizə orqanları isə hazırda ən azı 10 qətlin təsdiqləndiyini açıqlayıb.

Məhkəmə prosesində qurbanların ailələri də iştirak edib. İran qanunvericiliyinə əsasən, qəsdən adam öldürmə hallarında mərhumun yaxınlarının “qisas” tələb etmək hüququ var.

Məlumata görə, 10 qurbanın ailəsi Akbarinin edam olunmasını tələb edib. Bununla yanaşı, ailələrdən ən azı biri ölüm cəzasından imtina edərək qan bahası almağa razılaşıb.

Məhkəmə Akbariyə bir şəxsi öldürməyə cəhd ittihamı üzrə də əlavə həbs cəzası verib.

Qərardan apellyasiya şikayəti verilməsi üçün qurbanların ailələrinə avqustun sonunadək vaxt tanınıb.