Rektum xərçənginə qalib gələn tanınmış türkiyəli aparıcı və yazar Ece Vahapoğlu uzun və ağır müalicə prosesindən sonra yenidən normal həyatına qayıdıb. Səkkiz ay kimyaterapiya müalicəsi alan və təxminən üç ay əvvəl bağırsağından əməliyyat olan Vahapoğlu Bodrumda oğlu Efe ilə birlikdə istirahət edərkən görüntülənib.

Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, Vahapoğlu Cennet Koyu sahilində oğlu ilə dənizdə əylənib. Uzun müddət davam edən müalicədən sonra yenidən idmana başladığını bildirən aparıcının gümrah olduğu diqqət çəkib. Onun bu görüntüləri keçirdiyi ağır günlərin ardından həyatında yeni mərhələyə qədəm qoyduğunu göstərib.

Ece Vahapoğlu xəstəliklə mübarizə apardığı dövrdə yaşadıqlarını sosial media vasitəsilə izləyiciləri ilə bölüşüb. Səkkiz ay davam edən kimyaterapiya və daha sonra keçirdiyi əməliyyat onun üçün olduqca çətin mərhələ olsa da, Vahapoğlu mübarizəni davam etdirərək özünü yenidən toparlamağı bacarıb.

Tanınmış aparıcı son paylaşımında keçdiyi müalicə prosesinə toxunaraq özünü həm fiziki, həm də mənəvi baxımdan daha güclü hiss etdiyini bildirib.

“Üç ay əvvəl bağırsaq əməliyyatı olunmuş, 8 ay kimyaterapiya alaraq xərçəng müalicəsi görmüş, təslim olmamış, yıxılmamış, yenidən idmana başlayıb güclənmiş bir Ece olaarq qarşınızdayam. Ruhumda, bədənimdə və zehnimdə özümü çox yaxşı hiss edirəm”, - deyə o qeyd edib.

Vahapoğlu yalnız öz vəziyyəti barədə məlumat verməklə kifayətlənməyib, oxşar çətinliklərlə üzləşən insanlara da ümid mesajı göndərib. O, xəstəlik və digər ağır sınaqlardan keçən şəxslərə səbirli olmağı və inamlarını itirməməyi tövsiyə edib.

“Əgər çətin bir mərhələdən keçirsənsə, bil ki, bu da keçəcək. Səbirlə və inamla keçəcək”, - deyə aparıcı vurğulayıb.