Türkiyədə Süleymancılar hərəkatının keçmiş lideri və sabiq nəqliyyat naziri Arif Əhməd Denizolqunun ölümü ilə bağlı araşdırmada yeni mərhələ başlayıb. Onun vəfatının səbəblərinin yenidən müəyyənləşdirilməsi məqsədilə məzarı açılıb.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, İstanbulun Karacaahmet qəbiristanlığında aparılan qəbirin açılması prosesi təxminən 3 saat davam edib. Əraziyə prokuror və hadisə yeri üzrə araşdırma qrupları cəlb olunub, polis isə geniş təhlükəsizlik tədbirləri həyata keçirib.
Proses başa çatdıqdan sonra Denizolqunun nəşi Ədli Tibb Qurumuna göndərilib. Burada onun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün yenidən ekspertiza aparılacağı açıqlanıb.
Qərar Bakırköy Baş Prokurorluğunun müraciəti əsasında qəbul edilib. Denizolqunun yaxınları onun ölümü ilə bağlı daha əvvəl hüquq-mühafizə orqanlarına şikayət etmişdilər. Prokurorluq hazırda məsələ ilə əlaqədar iki ayrı araşdırma aparır.
Qeyd edək ki, Arif Əhməd Denizolqu 6 sentyabr 2016-cı ildə vəfat edib. Onun ölümü ilə bağlı illər sonra yenidən gündəmə gələn iddialar Türkiyədə diqqətlə izlənilən araşdırmalardan birinə çevrilib.