Futbol dünyasında böyük rezonans doğuracaq transfer iddiası ortaya çıxıb. İspaniya nəhəngi “Barselona” İstanbulun “Fənərbağça” klubunun xorvat qapıçısı Dominik Livakoviçə maraq göstərir. Kataloniya klubunun 31 yaşlı əlcək sahibi ilə bağlı İstanbul təmsilçisi ilə danışıqlara başladığı bildirilir.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Barselona” Livakoviçi əvvəlcə transfer etməyi, daha sonra isə bir mövsümlük başqa kluba icarəyə verməyi planlaşdırır.
Kataloniya klubunun bu addımla xorvat qapıçının gələcək perspektivini yaxından izləmək və onun üçün uzunmüddətli plan qurmaq niyyətində olduğu qeyd edilir.
Livakoviçin “Fənərbağça”nın yeni mövsüm planlarında yer almadığı bildirilir. Buna baxmayaraq, xorvat qapıçının İstanbul klubu ilə daha iki illik müqaviləsi qüvvədədir. 31 yaşlı futbolçu 2023-cü ildə Xorvatiyanın “Dinamo Zaqreb” klubundan “Fənərbağça”ya transfer olunub və komandanın əsas qapıçılarından biri kimi çıxış edib.
“Barselona”nın Livakoviçlə maraqlanması transfer bazarında diqqətçəkən hadisə kimi qiymətləndirilir. Təcrübəli qapıçının həm klub, həm də milli komanda səviyyəsində qazandığı təcrübə Kataloniya təmsilçisinin seçimində əsas amillərdən biri ola bilər.