Dünyada ali təhsil sistemində yeni yanaşmalar müzakirələrə səbəb olub. ABŞ-də ənənəvi olaraq 4 il davam edən bakalavr təhsilinin 3 ilə endirilməsi modeli getdikcə daha geniş yayılır. Yeni sistemin artıq 26 ştatda tətbiq olunduğu bildirilir.
Metbuat.az xəbər verir ki, yeni modelin əsas məqsədlərindən biri tələbələrin təhsil xərclərini azaltmaq və onların əmək bazarına daha tez daxil olmasına imkan yaratmaqdır.
Ənənəvi bakalavr proqramlarında məzun olmaq üçün 120 kredit tələb olunduğu halda, 3 illik yeni proqramlarda bu göstərici 90 kreditə qədər azaldılır. Bu səbəbdən söhbət yalnız dərslərin daha sıx keçirilməsindən deyil, ümumi təhsil yükünün də azaldılmasından gedir.
Xüsusilə biznes, marketinq və informasiya texnologiyaları kimi ixtisaslarda 3 illik təhsil modelinin daha geniş qəbul edildiyi bildirilir. Mühəndislik və müəllimlik kimi daha çox praktiki hazırlıq və staj tələb edən sahələrdə isə bu sistemin tətbiqinin daha çətin olduğu qeyd olunur.
Yeni model tələbələr üçün maliyyə baxımından da müəyyən üstünlüklər yaradır. Təhsilin bir il qısalması bəzi hallarda tələbəyə 20 min dollara qədər qənaət etməyə imkan verə bilər. Bundan başqa, məzunlar əmək bazarına 12 ay daha tez daxil olaraq gəlir əldə etməyə başlayırlar.
Lakin 3 illik təhsil modelinə münasibət birmənalı deyil. Bəzi akademiklər bunu ali təhsilin bahalaşması fonunda yenilikçi həll kimi qiymətləndirirlər. Tənqidçilər isə təhsil müddətinin və kredit yükünün azaldılmasının ali təhsilin keyfiyyətinə təsir göstərə biləcəyini düşünürlər.
Qeyd edək ki, 3 illik bakalavr modeli yalnız ABŞ-lə məhdudlaşmır. İngiltərə, Fransa və İtaliya da daxil olmaqla Avropanın bir sıra ölkələrində 3 illik bakalavr proqramları uzun müddətdir tətbiq edilir.