Venesuela hökuməti və müxalifət qrupları Böyük Britaniyada bankda saxlanılan təxminən 31 ton qızıl da daxil olmaqla, xaricdə dondurulmuş aktivlərin taleyi ilə bağlı danışıqlar aparırlar.

Metbuat.az xəbər verir ki, ABŞ-nin vasitəçiliyi ilə keçirilən müzakirələrdə bu ehtiyatlardan ölkənin sosial və iqtisadi problemlərinin həlli üçün istifadə olunması nəzərdən keçirilir. Məlumata görə, dəyəri 2 milyard dollardan çox olan Venesuela qızılı illərdir ölkədəki siyasi hakimiyyət mübarizəsinin əsas mübahisə mövzularından biridir. Qızıla kimin nəzarət etməsi ilə bağlı məsələ Britaniya məhkəmələrində uzunmüddətli hüquqi çəkişmələrə səbəb olub. Venesuelanın xaricdəki aktivlərinin idarə olunması ilə bağlı müxalifətin yaratdığı struktur da Britaniya məhkəmə proseslərində nəzərə alınıb.

Bu səbəbdən qızılın gələcəyi yalnız Venesuela hökumətinin qərarından asılı deyil, Britaniya qanunları və beynəlxalq sanksiyalar da mühüm rol oynayır. Bildirilir ki, Venesuela hökumətinin banka birbaşa müdaxilə edərək qızılı götürməsi mümkün deyil. Müzakirə olunan variantlar arasında qızılın birbaşa satılması əvəzinə, onun girov kimi istifadə edilərək uzunmüddətli maliyyələşmənin təmin olunması da var.