Ağrı dağının cənubunda yerləşən Durupınar Formasiyasında Nuhun gəmisinin qalıqlarının olduğu ilə bağlı araşdırmalar davam edir. Uzun illərdir mübahisə mövzusu olan ərazidə tədqiqatların yeni mərhələsinə başlanılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu bölgədə apardığı araşdırmalar zamanı maraqlı nəticələr əldə edib. Təxminən 157 metr uzunluğunda olan və qayıq formasını xatırladan geoloji quruluşda dərin radar yoxlamaları aparılıb.
Xosrou Baxtarın rəhbərlik etdiyi komanda xüsusi radar texnologiyasından istifadə edib. Nəticələr yerin altında müxtəlif təbəqələrin və qeyri-adi strukturların olduğunu göstərib. Radar görüntülərində simmetrik boşluqlara da rast gəlinib.
Tədqiqatçılar yeraltı radar və infraqırmızı termoqrafiya ilə yanaşı, torpaq analizləri də aparıblar. Analizlər zamanı çürümüş ağac qalıqları ilə əlaqələndirilən kalium izlərinin olduğu bildirilib. Bundan başqa, səthdən təxminən 6 metr dərinlikdə göyərtəyə bənzəyən otaqvari strukturların müəyyən edildiyi qeyd olunur.
Bununla belə, alimlər əldə olunan nəticələrin Nuhun gəmisinin tapıldığını sübut etmədiyini vurğulayırlar. Onların fikrincə, radar görüntülərindəki anomaliyaların nə olduğunu dəqiqləşdirmək üçün yeraltından nümunələr götürülməlidir.
Qeyd edək ki, Durupınar Formasiyası ilk dəfə 1948-ci ildə güclü yağış və zəlzələlərdən sonra bir çoban tərəfindən aşkar edilib. Həmin vaxtdan ərazinin Nuhun gəmisinin qalıqlarını saxladığı ilə bağlı müxtəlif iddialar irəli sürülüb.
Bu iddiaların əsas arqumentlərindən biri ərazinin ölçüləridir. Müqəddəs Kitabın “Yaradılış” bölümündə Nuhun gəmisinin uzunluğu 300 arşın, eni 50 arşın, hündürlüyü isə 30 arşın göstərilir. Bu ölçülər müasir hesablamalara görə təxminən 157 metr uzunluq və 26 metr en deməkdir.
Durupınar Formasiyasının da təxminən 157 metr uzunluğunda olması tədqiqatçıların diqqətini çəkən əsas məqamlardan biridir.