Türkiyənin Şanlıurfa şəhərində yayılan qeyri-adi əmlak elanı diqqət çəkib. Külünçə kəndi kimi tanınan ərazidə geniş torpaq sahələri yaşayış məntəqələri ilə birlikdə satışa çıxarılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Külünçə bölgəsində təxminən 7 min 500 dönümlük ərazi üçün 1 milyard 500 milyon türk lirəsi qiymət qoyulub. Bu məbləğin təxminən 30 milyon dollara bərabər olduğu bildirilir.

Elanın “kənd satılır” formasında təqdim edilməsi Türkiyənin məşhur “Züğürt Ağa” filmini xatırladıb. Şener Şenin baş rolda çəkildiyi filmdə maddi çətinlik yaşayan ağanın kəndini satmaq məcburiyyətində qalmasından bəhs olunur.

Məlumata görə, satış üçün müəyyən edilən 1,5 milyard lirəlik qiymət ərazinin ümumi sahəsinə bölündükdə bir dönüm üçün təxminən 200 min lirə təşkil edir.

Külünçə rəsmi sənədlərdə məhəllə kimi qeyd olunsa da, bölgə uzun illərdir “Külünçə kəndi” adı ilə tanınır. Satışa çıxarılan ərazinin kənd təsərrüfatı və heyvandarlıq baxımından da istifadə üçün əlverişli olduğu bildirilir.

Qeyri-adi elan sosial mediada da maraq doğurub və “Züğürt Ağa gerçək oldu” şərhlərinə səbəb olub.