“Beşiktaş”da hakim qərarları ilə bağlı narazılıq böyüyür. İstanbul təmsilçisinin prezidenti Serdal Adalı son qarşılaşmada yaşananlarla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) gedərək məsələni gündəmə gətirib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adalı TFF-də keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında Merkez Hakem Kurulu (MHK) rəhbərliyini sərt şəkildə tənqid edib.

“Beşiktaş” prezidentinin sözlərinə görə, TFF rəhbərliyi MHK sədri Ferhat Gündoğdunun fəaliyyəti ilə bağlı lazımi addımı ata bilmir. Adalı bu vəziyyətin türk futbolunun inkişafına mane olduğunu bildirib.

Klub rəhbəri deyib ki, artıq məsələni daha yüksək səviyyədə gündəmə gətirmək niyyətindədir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan görüş üçün randevu istəyəcəyini və hakimlərlə bağlı narazılıqlarını ona çatdıracağını deyib.

“Bu saatdan sonra dərdimizi anlatacağımız tək bir şəxs qalıb. Randevu istəyəcəyəm və cənab Prezidentə bu hakim məsələlərini çatdıracağam”, - deyə Adalı bildirib.

Qeyd edək ki, “Beşiktaş”ın narazılığı “Alanyaspor”a qarşı keçirilən və İstanbul klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatan matçdan sonra daha da artıb. Adalı həmin qarşılaşmada hakim qərarlarını və MHK-nın fəaliyyətini ciddi şəkildə tənqid edib.