İsveçin cənubunda yerləşən Torekov adlı sahil qəsəbəsində gündəlik həyatın fərqli bir ənənəsi diqqət çəkir. Təxminən 1 000 nəfərin yaşadığı bu ərazidə insanları küçələrdə adi geyimdə deyil, xalatla görmək olduqca normal qarşılanır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Torekovda xalat yalnız hamamdan sonra geyinilən paltar hesab edilmir. Sakinlər səhər saatlarında dənizə girdikdən sonra üstlərini dəyişmək əvəzinə xalatlarını geyinərək gün ərzində gündəlik işlərini davam etdirirlər. Küçədə velosiped sürən, it gəzdirən, kafedə qəhvə içən, hətta marketdə alış-veriş edən insanların xalatda olması burada adi mənzərədir.

Bu maraqlı ənənənin əsas səbəbi qəsəbədə illərdir davam edən səhərlər dənizinə girmək vərdişidir. Yerli sakinlər məşhur Morgonbryggan körpüsündən suya atıldıqdan sonra paltarlarını dəyişmədən xalat geyinərək evlərinə və gündəlik işlərinə yollanırlar.

Xalatların rəngi də adətən ağ olmur. Sakinlər müxtəlif rəng və naxışlarda modellərə üstünlük verir, görünüşlərini isə papaq və rahat ayaqqabılarla tamamlayırlar.

Qəsəbənin bu özünəməxsus həyat tərzi sosial mediada da geniş maraq doğurub. Təbii gözəllikləri, kiçik limanı və fərqli adətləri ilə seçilən Torekov son illərdə turistlərin diqqətini çəkən məkanlardan birinə çevrilib.