ABŞ-nin Las-Veqas şəhərində məhkəmə 1996-cı ildə hip-hop ulduzu Tupak Şakurun (2Pac) qətlində 63 yaşlı Dueyn “Kiffi Di” Devisi təqsirli bilib.
Metbuat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Andlılar heyəti Devisi birinci dərəcəli qətldə təqsirli bilib. O, Tupak Şakurun öldürülməsini təşkil etməkdə ittiham olunurdu. Devisi şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası gözləyir. Hökm oktyabrın 13-də açıqlanacaq.
Məhkəmə prosesində günahsız olduğunu bildirən Devis qərardan apellyasiya şikayəti verəcəyini deyib.
İstintaq reperə atəş açan şəxsin kimliyini müəyyən edə bilməyib. Nevada qanunlarına əsasən, Devis atəş açan şəxs olmasa belə, qətldə təqsirli bilinməsi mümkündür.
Qeyd edək ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda güllələnib və aldığı yaralardan sentyabrın 13-də vəfat edib.
Devis 2023-cü ildə qətlin təşkilində ittiham olunub. Buna onun Tupakın öldürülməsinin bəzi təfərrüatlarından bəhs etdiyi memuarlarının nəşrindən sonra başlanılıb. Devis kitabda qətldə istifadə edilən tapançanı atəş açan şəxsə verdiyini bildirib.