İraq dünən “inzibati və təhlükəsizlik tədbirləri” çərçivəsində bağlandığını açıqladığı İran sərhədindəki üç keçid məntəqəsinin yenidən açılmasına qərar verib.

Metbuat.az xəbər verir ki, İraq Müdafiə Nazirliyinə bağlı Təhlükəsizlik Media Şəbəkəsinin yaydığı yazılı açıqlamada bildirilib ki, Baş nazir Əli əz-Zeydinin göstərişi ilə Bəsrə vilayətindəki Şələmçə, Meysan vilayətindəki Şeyb və Diyala vilayətindəki Mendəli sərhəd-keçid məntəqələrində sərnişin və yük keçidi mərhələli şəkildə bərpa olunur.

Qeyd olunub ki, qərar sərhəd-keçid məntəqələrinin fəaliyyətinin nəzərdən keçirilməsi, texniki ehtiyacların müəyyənləşdirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən sonra qəbul edilib.

Şeyb və Şələmçə sərhəd-keçid məntəqələrində sərnişin keçidi bu səhər bərpa olunub. Şələmçədən kommersiya yüklərinin keçidinin sabah səhər, Şeybdən isə cümə axşamı səhər başlanacağı bildirilib. Mendəli sərhəd-keçid məntəqəsində kommersiya keçidinin çərşənbə axşamı səhər bərpa ediləcəyi qeyd olunub. Sərnişin keçidinin nə vaxt başlayacağı barədə isə məlumat verilməyib.

Açıqlamada həmçinin İranla sərnişin və ticarət hərəkətinin Zurbatiyə və Münziriyyə sərhəd-keçid məntəqələrindən heç bir fasilə olmadan davam etdiyi bildirilib.

Xatırladaq ki, İraq hökuməti dünən bəzi sərhəd-keçid məntəqələrində “inzibati və təhlükəsizlik tədbirləri” çərçivəsində işlərin başladığını və bu səbəbdən həmin məntəqələrin bağlandığını açıqlamışdı.