Bakı məktəblərində şagirdlərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticələri müşahidə olunur.
Mətbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Bakı üzrə nəticələrə yalnız ümumi göstəricilər əsasında deyil, ayrı-ayrı şagird qrupları və onların bacarıq səviyyələri nəzərə alınmaqla yanaşmaq lazımdır.
E.Əmrullayevin sözlərinə görə, əsas məsələlərdən biri aşağı nəticə göstərən şagirdlərin payının azaldılmasıdır. O qeyd edib ki, təhsil sistemində aparılan islahatların nəticələrinin ortaya çıxması müəyyən vaxt tələb edir.
Nazir yüksək bacarıqlı şagirdlərin potensialından istifadənin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə yüksək nəticə və bacarıq nümayiş etdirən kifayət qədər gənc var və onların potensialından daha səmərəli istifadə etmək mümkündür.
Əmrullayev qeyd edib ki, hətta inkişaf etmiş OECD ölkələrində də bütün şagirdlərin yüksək nəticə göstərməsi mümkün deyil. Bu baxımdan, aşağı nəticə göstərən şagirdlərin sayının mərhələli şəkildə azaldılması mühüm göstəricilərdən biridir.
Nazirin sözlərinə görə, islahatların daha əvvəl başladığı Bakı şəhərində də bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub.
“Bakıda bu göstəricini 50 faizə endirə bilmişiksə, düşünürəm ki, növbəti illərdə proses davam etdikcə rəqəmi daha da aşağı salmaq mümkündür”, – deyə nazir bildirib.
Emin Əmrullayev əlavə edib ki, əsas məqsəd mövcud problemləri gizlətmək deyil, onları açıq şəkildə göstərmək, səbəblərini müəyyənləşdirmək və nəticələrin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görməkdir.