“1993-cü il 3 oktyabr tarixinə təyin edilmiş prezident seçkiləri xalqımızın həyatında mühüm rol oynayan bir gün oldu. Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu”.
Metbuat.az xəbər verir ki, bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Ulu Öndərin çıxışı zamanı dediyi “həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” ifadəsi həqiqətən sonrakı dövrlərdə bir daha özünü tam doğrultdu. Ulu Öndər bütün həyatını xalqına həsr etməklə güclü Azəbaycan yaratdı. Çünki Ulu Öndər olmasaydı bu gün Azərbaycan deyə bir dövlət olmayacaqdı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həqiqətən yarıtmaz rəhbərlik, yarıtmaz siyasət xalqı çıxılmaz vəziyyətə qoymuşdu və xalq özünə bir xilaskar axtarırdı. Müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Azərbaycan xalqı Heydər Əliyevdə görürdü. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istəmişdi. Xalqın dəvəti ilə yenidən hakimiyyətə gələn Ulu Öndər bu dəfə də xilaskarlıq missiyasını üzərinə götürdü və bizi fəlakətdən qurtardı. Beləliklə Ulu Öndərin vaxtilə atdığı addımlar, uzaqgörən siyasəti ölkənin parçalanmasının, qardaş qırğınının, hərcmərcliyin qarşısını aldı. Onun siyasi kursu bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticə isə göz qabağındadır. Suveren, müstəqil, güclü, inkişaf etmiş Azərbaycan”.