Yaponiyanın Okinava adasında yerli qadının öldürülməsində şübhəli bilinən ABŞ dəniz piyadasının saxlanılmasından sonra bölgədə xidmət edən ABŞ hərbçiləri ilə bağlı sərt tədbirlər görülüb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ordusu Okinavada bütün əməliyyat fəaliyyətlərini 48 saat müddətinə dayandırıb. Bu müddətdə hərbçilərin hərbi bazadan kənara çıxmasına və spirtli içki qəbul etməsinə qadağa qoyulub.
Bundan əlavə, ABŞ hərbçilərinə 30 günlük komendant saatı tətbiq ediləcək. Qərara əsasən, hərbçilər gecə saat 00:00-dan səhər 05:00-dək yaşadıqları yerlərdə qalmalıdırlar.
ABŞ Dəniz Piyadaları Korpusunun III Ekspedisiya Qüvvələrinin komandanı general-leytenant Benjamin Uotson bildirib ki, 48 saatlıq fasilə zamanı hərbi qulluqçulara intizam, davranış qaydaları, spirtli içkilərdən istifadə və Okinava cəmiyyəti ilə münasibətlər barədə təlimlər keçiriləcək.
Qeyd edək ki, oktyabrın 3-də 20 yaşlı ABŞ dəniz piyadası Devin Ceykob Ballard Okinavanın Naha şəhərində 39 yaşlı Anna Yaginin öldürülməsində və onun şəxsi əşyalarının götürülməsində şübhəli bilinərək saxlanılıb. Polis qadının meyitinin otel otağında aşkarlandığını və ilkin araşdırmaya əsasən onun boğularaq öldürüldüyünü açıqlayıb. Ballard isə ittihamları rədd edir.
Hadisə Okinavada ABŞ hərbi bazalarının mövcudluğu ilə bağlı narazılığı yenidən gündəmə gətirib. Yaponiya rəsmiləri ABŞ-dan istintaqla tam əməkdaşlıq etməyi tələb edib.