Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədovun 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edilib. Dəyişikliklər vahid geyim formasına riayət olunması və valideynlərin bu sahədə məsuliyyəti ilə bağlı tələbləri əhatə edir.
Yeni tələblər müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərinin istifadəsini məhdudlaşdırır. Bununla yanaşı, valideynlərin övladlarının müəyyən edilmiş geyim qaydalarına riayət etməsini təmin etməsi nəzərdə tutulur.
Qərarın əhəmiyyəti, ilk növbədə, məktəbdə ümumi qaydaların və vahid yanaşmanın möhkəmləndirilməsi ilə bağlıdır. Təhsil müəssisəsində hər kəs üçün aydın və hamıya eyni şəkildə tətbiq olunan tələblərin müəyyənləşdirilməsi nizam-intizamın qorunmasına kömək edir. Bu cür yanaşma məktəbin əsas funksiyasını - şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsini ön plana çıxarmağa imkan verir.
Vahid məktəbli geyimi həmçinin uşaqlar arasında geyim üzərindən sosial fərqlərin qabardılmasının qarşısını alır. Ailələrin maddi imkanları eyni deyil. Bəzi valideynlər övladları üçün bahalı geyimlər ala bildikləri halda, digərləri üçün bu, əlavə maliyyə yükü yaradır. Geyim fərqlərinin məktəb mühitində müqayisə və rəqabət predmetinə çevrilməsi isə uşaqlarda narahatlıq, özünəinamın azalması və sosial təzyiq kimi hallara yol açır. Vahid forma bu fərqlərin görünən təsirini azaltmağa, şagirdlərin diqqətini geyimdən daha çox təhsilə yönəltməyə kömək edir. Burada əsas məqam uşaqların hamısının eyni görünməsini tələb etmək deyil, onların məktəb mühitində özlərini bərabərhüquqlu hiss etmələrinə şərait yaratmaqdır. Şagirdin dəyəri onun geyiminin markası və ya qiyməti ilə deyil, biliyi, davranışı, zəhməti və şəxsi keyfiyyətləri ilə ölçülməlidir. Məktəb bu yanaşmanın formalaşdığı ilk ictimai mühitlərdən biridir.
Vahid geyim, eyni zamanda, məktəbə mənsubluq və kollektiv məsuliyyət hissini gücləndirir. Şagird müəyyən edilmiş qaydalara əməl etməklə ümumi təhsil mühitinin iştirakçısı olduğunu dərk edir. Təbii ki, geyim forması öz-özlüyündə təhsilin keyfiyyətini yüksəltmir və bütün intizam problemlərini həll etmir. Bununla belə, digər pedaqoji tədbirlərlə birlikdə tətbiq olunduqda, məktəbdə nizamlı mühitin qorunmasına müəyyən töhfələr verir.
Qaydaların tətbiqində valideynlərin məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır. Uşaqlara müəyyən edilmiş tələblərin səbəblərini izah etmək, onlarda məsuliyyət hissi formalaşdırmaq ailə və məktəbin ortaq vəzifəsidir. Bu proses inzibati tələb kimi deyil, uşaqların təhsil mühitinə uyğunlaşmasına kömək edən tərbiyəvi yanaşma kimi həyata keçirilməlidir.
Qərarda milli-mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsi də diqqətəlayiq məqamdır. Bu yanaşma vahid məktəbli geyimi prinsipinin milli kimliyin və mədəni irsin qorunması ilə ziddiyyət təşkil etmədiyini göstərir. Əksinə, müəyyən edilmiş çərçivə daxilində milli geyim elementlərinə yer verilməsi şagirdlərdə mədəni irsə marağın və mənsubiyyət hissinin gücləndirilməsinə xidmət edir. Yəni vahid məktəbli geyimi məsələsinə yalnız geyim qaydalarının tənzimlənməsi kimi yanaşmaq doğru deyil. Bu, məktəbdə bərabərlik, intizam, qarşılıqlı hörmət və kollektiv məsuliyyət prinsiplərinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Gülnar Nəcəfli